ÜHST-in Elm Komissiyası ölkəmizin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azadolma statusunu təsdiq edib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) prosedur qaydalarına uyğun təqdim edilən Hesabatına 2024-cü il fevralın 12-16-da təşkilatın Elm Komissiyasının iclasında baxılıb.
Fhnews.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, iclasda “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, Azərbaycan Respublikasının xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə kimi tanınmasına dair müraciəti nəzərə alınaraq, Üzv Dövlətlərin xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyi Statusunun Qiymətləndirilməsi üzrə Xüsusi Qrupu tərəfindən həmin Hesabat təsdiq edilib.
Agentliyə ÜHST-in Baş direktorunun imzası ilə daxil olan məktuba əsasən, Elm Komissiyası ölkəmizin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə kimi tanınma tələblərinə cavab verdiyi qənaətinə gəlib və bu ilin mayında Paris şəhərində keçiriləcək ÜHST Nümayəndələri Assambleyasının Ali Baş Sessiyasında statusun rəsmiləşdirilməsi və xüsusi sertifikatın təqdim olunacağı bildirilib.
Qeyd edək ki, həmin xəstəlikdən azadolma statusunun təsdiq olunması, ilk növbədə, beynəlxalq çağırışa qoşulmaqla ÜHST tərəfindən ölkəmizin baytarlıq sisteminə olan yüksək etibarının təzahürüdür ki, bu da digər xüsusi təhlükəli heyvan xəstəlikləri üzrə analoji yanaşmanın tətbiq edilməsinə şərait yaradır. Digər tərəfdən isə xəstəlikdən azadolma statusu xırdabuynuzlu heyvanların və onlara aid məhsulların ixracı, habelə ölkəmizin ərazisindən keçməklə tranzit daşınması imkanlarını genişləndirəcək.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...