22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

UNICEF: Yarım milyard uşaq iki dəfədən çox ekstremal isti günlərin olduğu ərazilərdə yaşayır

15-08-2024
IMG

Səkkiz ölkədə uşaqlar ilin yarısından çoxunu 35 dərəcədən yuxarı temperaturda keçirirlər.

Fhnews.az xəbər verir ki, UNICEF-in araşdırmasına əsasən, 466 milyon uşaq – dünyada təxminən hər beş uşaqdan biri altmış il bundan əvvəlki vəziyyətlə müqayisədə hər il ən azı iki dəfədən çox ekstremal isti günlərin müşahidə olunan rayonlarda yaşayır.

Planetin istiləşməyə davam etdiyinə görə, dünyada insanlar şiddətli iqlim təhdidləri ilə üzləşirlər. Uşaqlar bu cür təhlükələrə daha həssasdırlar.

Təhlillərə görə, Qərbi və Mərkəzi Afrikadakı uşaqlar isti günlərə ən çox məruz qalırlar, bu regionda zamanla ən əhəmiyyətli artım müşahidə olunur.

Bölgədə ümumilikdə 123 milyon uşaq və ya uşaqların 39 faizi ildə orta hesabla dörd ay ərzində 35 dərəcədən yuxarı temperatura məruz qalır. Bu rəqəmlərə Malidə 212 gün, Nigerdə 202 gün, Seneqalda 198 gün və Sudanda 195 gün daxildir.

UNICEF-in Qərbi və Mərkəzi Afrika üzrə regional iqlim üzrə mütəxəssisi Devid Knautun sözlərinə görə, təşkilatın yeni təhlili fövqəladə isti günlərin uşaqlara təsiri ilə bağlı ciddi xəbərdarlıq edir. O, hökumətləri tədbir görmək və temperaturun artmasını nəzarət altına almaq üçün bu qiymətli fürsətdən istifadə etməyə çağırır.

Ekstremal istinin təsiri uşaqların sağlamlığı üçün təhlükəli olan istilik stressinə səbəb ola bilər. İstilik stressi uşaqlarda qeyri-infeksion xəstəliklərlə əlaqəlidir, həmçinin uşaqları yüksək temperaturlarda yayılan malyariya və denqe qızdırması kimi yoluxucu xəstəliklərə qarşı daha həssas edir.

UNICEF ölkələrə emissiyaları azaltmaqla və iqlim dəyişikliyi sazişlərini həyata keçirməklə uşaqların təmiz, sağlam və davamlı ətraf mühitə olan hüquqlarını qoruyan iqlim tədbirlərini həyata keçirməyi tövsiyə edir.

Paylaş: