22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

UNICEF: Son 10 ildə Nigeriyada 1680-dən çox tələbə qaçırılıb

15-04-2024

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Nigeriyada silahlı qrupların son 10 ildə məktəblərə müxtəlif hücumlarda 1680-dən çox şagirdi qaçırdığını bildirib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Nigeriya nümayəndəsi Cristian Munduate terror təşkilatı Boko Haramın 276 məktəbli qızın qaçırılmasının 10-cu ildönümü ilə əlaqədar verdiyi açıqlamada son 10 ildə Nigeriyanın müxtəlif əyalətlərində 70-dən çox məktəbə hücum edildiyini bildirib.Munduate qeyd edib ki, bu hücumlarda 1680-dən çox şagird və 60-a yaxın məktəb işçisi qaçırılıb.

Hücumlarda 14 müəllimin həyatını itirdiyini bildirən Munduate ölkədə məktəblərə qarşı davam edən hücumlardan narahatlığını dilə gətirib. O,Nigeriyada bir çox ibtidai və orta məktəbin hələ də təhlükəsizlik baxımından qlobal standartlara cavab vermədiyinə diqqət çəkərək, ölkədə olan 66 min məktəbdən yalnız 17-sinin təhlükəsiz məktəb standartına cavab verdiyini deyib.

Qeyd edək ki, Boko Haram terror təşkilatı 2014-cü il aprelin 14-də ölkənin şimal-şərqindəki Borno əyalətində yerləşən Çibok şəhərindəki internat məktəbinə basqın edərək 276 qız şagirdi qaçırmışdı.

Amnesty International basqından sonra tələbələrdən bəzilərinin xilas edildiyini və ya qaça bildiyini, onlardan 82-nin isə 10 ildir əsirlikdə olduğunu açıqlayıb.

2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan Boko Haramın 2009-cu ildən bəri həyata keçirdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.

Paylaş: