22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

UNICEF: Şərqi və Cənubi Afrikada meymunçiçəyi ilə mübarizə üçün 16,5 milyon dollar vəsait lazımdır

23-08-2024
IMG

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Şərqi və Cənubi Afrikada “mpox” virusunun yayılmasının qarşısını almaq üçün 16,5 milyon dollar tələb edib.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, BMT agentliyinin Şərqi və Cənubi Afrika üzrə regional direktoru Etleva Kadillinin sözlərinə görə, Burundi, Ruanda, Uqanda, Keniya və Cənubi Afrikada təsdiqlənmiş hallar aşkar edildiyi üçün uşaqlar və həssas icmalar bölgədə “mpox” xəstəliyinin daha geniş yayılması ərəfəsindədir.

Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinə (Afrika CDC) görə, indiyədək Burundinin 49 rayonundan 25-də 500-dən çox “mpox” hadisəsi qeydə alınıb.

UNICEF bildirib ki, aşkar edilən halların təxminən 60 faizini 20 yaşından aşağı uşaq və yeniyetmələr, 21 faizini isə 5 yaşına qədər azyaşlılar təşkil edir.

Kadilli əlavə edib: “Həyat qurtaran reaksiya, risk kommunikasiyası səyləri və sərhədlərarası əməkdaşlıqla yanaşı, ümumi səhiyyə sisteminin gücləndirilməsinə investisiyalar, əsas xidmətlərin davamlılığı və uşaqların ümumi rifahını dəstəkləyən proqramlara yönəldilmiş diqqət dərhal prioritet məsələlərə çevrilməlidir”.

UNICEF-in məlumatına görə, “mpox” virusunun “clade Ib” adlanan yeni variantı Cənubi Afrika ilə yanaşı başqa regionlarda da aşkar edilib ki, bu da xəstəliyin müxtəlif yaş qrupları, xüsusən də uşaqlar arasında daha geniş ötürülmə potensialı ilə bağlı narahatlıq doğurur. O, həmçinin stiqma, ayrı-seçkilik və digər mənfi amillərə istinad edərək, “mpox” epidemiyasının uşaqlar və yeniyetmələrə ikinci dərəcəli təsirindən narahatlığını ifadə edib.

Afrika CDC-nin rəqəmləri göstərir ki, epidemiyadan ən çox ziyan görən Konqo Demokratik Respublikasında 2024-cü ilin əvvəlindən bəri “mpox” virusuna təxminən 18 min yoluxma hadisəsi qeydə alınıb.

Paylaş: