UNICEF-in yeni hesabatı: Dünyada 181 milyondan çox uşaq normal qidalanmır
BMT-nin Uşaq Fondu (UNICEF) ədalətsizlik, münaqişələr və iqlim böhranları səbəbindən uşaqlar arasında aclıq təhlükəsi və yoxsulluğunun həyəcanverici səviyyələrini vurğulayan yeni hesabat yayıb.
Fhnews.az təşkilatın saytına istinadla xəbər verir ki, hesabatda beş yaşından kiçik milyonlarla uşağın inkişaf artımı üçün zəruri olan qidaların qəbulu ilə bağlı çətinlik çəkməsi və ölkələrin COVID-19 pandemiyasının təsirlərindən qurtulmağa davam etdiyi bir şəraitdə ərzaq qiymətlərinin və yaşayış xərclərinin rekord həddə çatması barədə xəbərdarlıq edilib.
UNICEF-in qidalanma mütəxəssisi və hesabatın aparıcı müəllifi Harriet Torlesse qlobal miqyasda hər dörd uşaqdan birinin son dərəcə pis qidalanma ilə yaşadığını və əsas qida qruplarından yalnız iki və ya daha azını istehlak etdiyini bildirib. O əlavə edib: “Məsələn, Əfqanıstandakı bir uşaq üçün bu, bütün gün ərzində sadəcə bir az çörək və ya bəlkə də süddür və demək olar ki, rasionda heç bir tərəvəz və meyvə, habelə yaxşı protein mənbəyi yoxdur. Bu, narahatlıq doğurur, çünki uşaqlar belə pis qidalanma ilə normal yaşaya bilməzlər”.
Hesabatda göstərilir ki, dünyada normal qida qəbul edə bilməyən 181 milyondan artıq uşağın 65 faizi 20 ölkədə yaşayır; onların təxminən 64 milyonu Cənubi Asiyada, 59 milyonu isə Afrikanın Sahara bölgəsindən cənubdadır. Bundan əlavə, bütün bu halların təxminən yarısı gəlir yoxsulluğunun qabarıq olduğu ev təsərrüfatları ilə bağlıdır.
Bununla belə, UNICEF qeyd edir ki, uşaqları qidalı, təhlükəsiz və əlçatan seçimlərlə təmin edə bilməyən qida sistemləri, ailələrin ərzaq ala bilməməsi və valideynlərin iş yerindən, gəlirdən məhrum olması kimi bir çox digər amillər də böhranı gücləndirir.
UNICEF cəmiyyətləri azyaşlılar üçün qidaları daha əlçatan etmək, gəlir yoxsulluğunu azaltmaq məqsədilə sosial müdafiə sistemlərini aktivləşdirmək və uşaqlara lazımi qidalanma xidmətləri göstərmək istiqamətində sağlamlıq sistemlərindən fəal istifadə üzrə fəaliyyətə çağırıb.
Harriet Torlesse qeyd edib: “UNICEF bütün hökumətləri, inkişaf və humanitar sahələrdə olan tərəfdaşlarını uşaq qida yoxsulluğuna son qoymaq üzrə tədbirləri gücləndirmək üçün indi hərəkətə keçməyə çağırır. Biz uşaq qidası yoxsulluğunun aradan qaldırılmasını BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq siyasətinin imperativi kimi qəbul etməliyik”. O, səhiyyə sistemlərinin gücləndirilməsinin də vacibliyini vurğulayıb və qeyd edib ki, sağlamlıq strukturları ailələrə uşaqlarını necə qidalandırmaq barədə məsləhət verə və dəstək ola bilər”.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...