UNESCO: Dünyada azı 251 milyon uşaq və yeniyetmə təhsildən kənarda qalıb
Onilliklər boyu davam edən tərəqqiyə baxmayaraq, hazırda dünyada azı 251 milyon uşaq və yeniyetmə hələ də məktəbə getmir.
Fhnews.az xəbər verir ki, bu məlumat UNESCO-nun son hesabatında yer alıb.
UNESCO-nun 2024-cü il üçün Qlobal Təhsil Monitorinqi Hesabatında bildirilir ki, təxminən on il ərzində dünyada təhsildən kənarda qalanların sayı cəmi 1 faiz azalıb. Xüsusilə aşağı və ortagəlirli ölkələrdə təhsilə xroniki az sərmayə qoyulması bunun əsas səbəblərindən biridir. Bu il Braziliyanın sədrlik etdiyi G20 ilə sinerji olaraq, UNESCO üzv dövlətləri təhsil naminə mübadilə kimi innovativ maliyyələşdirmə mexanizmlərindən istifadə etməyə çağırır.
Hesabata əsasən, 2015-ci ildə təhsil üzrə BMT-nin Dayanıqlı İnkişaf Məqsədi qəbul edildikdən sonra 110 milyon uşaq və gənc təhsilə cəlb olunub və bu gün yoxsul ölkələrdə daha çox uşaq məktəbə gedir. Təhsili başa vurma nisbətləri də artmaqdadır: 2015-ci illə müqayisədə bu gün orta məktəbi 40 milyondan artıq gənc bitirir. Lakin hesabat dövründə bu sahədə davam edən qlobal durğunluq nəticəsində dünyada 251 milyon uşaq və yeniyetmə hələ də məktəbə getmir. Regional qeyri-bərabərlik kəskin olaraq qalır: aşağıgəlirli ölkələrdə məktəbyaşlı uşaq və yeniyetmələrin 33 faizi təhsildən kənarda qalır, yüksəkgəlirli ölkələrdə isə bu rəqəm cəmi 3 faizdir. Dünyada məktəbə getməyən uşaqların və yeniyetmələrin yarıdan çoxu Afrikanın Səhra regionunun cənubundadır.
Problemin maliyyə cəhətini təhlil edən “UNESCO-World Bank Education Finance Watch 2024” adlı ikinci hesabatda qeyd olunur ki, qlobal miqyasda keyfiyyətli təhsilə çıxışın daha da genişləndirilməsi yolunda əsas maneələrdən biri maliyyə çatışmazlığı olaraq qalır: 10 ölkədən 4-ü bu sahəyə ümumi dövlət vəsaitinin 15 faizindən azını xərcləyir, bəzi ölkələrdə isə bu rəqəm ÜDM-in 4 faizindən də azdır.
Ölkələr arasında təhsilə investisiya fərqi də heyrətamizdir: aşağı və ortagəlirli ölkələr 2022-ci ildə hər bir şagirdə cəmi 55 dollar xərcləyib, yüksəkgəlirli ölkələr üçün isə bu məbləğ 8543 dollardır. Hesabatda borclara xidmətin çəkisinin artması barədə xəbərdarlıq edilir. Afrikada ölkələr 2022-ci ildə borclara xidmət üçün təhsilə ayırdıqları qədər vəsait xərcləyib. Eyni zamanda, qlobal miqyasda təhsilə yönəldilən rəsmi inkişaf yardımının payı 2019-cu ildəki 9,3 faizdən 2023-ci ildə 7,6 faizə düşüb. Bu kontekstdə UNESCO dövlətləri borcun təhsilin davamlı maliyyələşdirilməsinə çevrilməsinə həsr olunmuş çoxtərəfli platformanı nəzərdən keçirməyə çağırır. Bu platforma vasitəsilə qeyri-davamlı borclarla yüklənmiş ölkələr həmin vəsaitlərin təhsil üçün investisiyalara çevrilməsi üçün danışıqlar apara bilər. Eyni zamanda, çoxtərəfli Təhsil üzrə Qlobal Tərəfdaşlıq çoxtərəfli fondlarının yaradılması da təklif olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...