UNEP COP29 ərəfəsində iqlim dəyişikliyi ilə bağlı hesabatını təqdim edib
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) bildirib ki, ölkələr yeni iqlim öhdəliklərində böyük emissiya boşluğunu aradan qaldırmalı və təcili tədbirlər görməlidir.
Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, UNEP “Lütfən, daha isti hava yox” adlı 2024-cü il üçün hesabatında ölkələri planetar istiləşmənin dağıdıcı təsirlərinin qarşısını almaq məqsədilə 2030-cu ilə qədər illik istixana qazı emissiyalarını 42 faiz azaltmağa çağırıb.
Hesabatda qeyd olunub ki, daha təmiz yanacağa davamlı keçid və yaşayış mühitinin bərpası şərti ilə qlobal temperaturu Paris iqlim Sazişində qeyd olunan 1,5 dərəcə Selsi həddində saxlamaq mümkündür.
UNEP-in icraçı direktoru İnger Andersen bildirib ki, ölkələr karbon qazının azaldılması ilə bağlı öhdəliklərinə əməl etməklə ekstremal daşqınlar, quraqlıqlar, siklonlar və meşə yanğınları da daxil olmaqla iqlim dəyişikliyi ilə əlaqəli fəlakətlərin qarşısını ala bilər. O əlavə edib: “Atmosferdə istilik dərəcəsinin məqbul səviyyəsinin saxlanılması xilas edilən həyatlar, inkişaf edən iqtisadiyyatlar, zərərlərin qarşısının alınması, qorunan biomüxtəliflik və istənilən temperatur həddini sürətlə aşağı salmaq qabiliyyəti baxımından əhəmiyyətlidir”.
Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təqdim edilən hesabatda bildirilir ki, istixana qazları emissiyaları 2019-cu ildən bəri rekord həddə - 57,1 giqaton karbon qazına çatıb.
Hesabata görə, getdikcə artan külək enerjisi və günəş fotovoltaik texnologiyaları 2030-cu ilə qədər ümumi potensial azalmanın 27 faizini, 2035-ci ilə qədər isə 38 faizini təmin edə bilər. UNEP əlavə edib ki, meşələrin qırılmasının dayandırılması, nəqliyyat, binalar və sənaye sektorlarının yaşıllaşdırılması kimi digər güclü tədbirlər karbonsuzlaşdırma məqsədlərinə çatmaqda əsas rol oynayacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...