Türkiyədən olan mütəxəssislər və FAO-nun nümayəndələri AQTİ-də olublar
Bitki sağlamlığı üzrə Türkiyə Respublikasından olan mütəxəssislər və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin təmsilçiləri FAO-Türkiyə Tərəfdaşlıq Proqramı (FTPP II) çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olublar.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, AQTİ-də təşkil edilən görüşdə qonaqlara İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.
Həmçinin görüş zamanı Azərbaycanın FTPP II-də iştirakı çərçivəsində böhran vəziyyətlərdə bitki sağlamlığının qiymətləndirilməsi, xəbərdarlıq prosedurlarının və fövqəladə hallara cavab tədbirlərinin formalaşdırılması ilə bağlı məsələlər müzakirə olunub. İki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılması və digər məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu vurğulanıb, mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb.
Görüşdən sonra qonaqlar iş prinsipini öyrənmək məqsədilə İnstitutun Mərkəzi Fitosanitar Laboratoriyasına baxış keçiriblər. Onlar laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar. Eyni zamanda qonaqlar bitki və bitkiçilik məhsullarında karantin ekspertiza və molekulyar bioloji müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...