22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyə tarixinin ən böyük fəlakətindən bir il ötür

06-02-2024

Ötən il fevralın 6-da Türkiyə tarixinin ən böyük fəlakəti ilə qarşılaşdı. Həmin tarixdə baş verən və əsrin fəlakəti olaraq qiymətləndirilən dağıdıcı zəlzələlərdən bir il ötür. Mərkəzi Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan bu yeraltı təkanların şiddəti 500 atom bombası gücünə bərabər hesablanıb. Bir neçə saat ara ilə sadəcə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 min 537 nəfər həlak olub, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb. Bunlardan 26 minində axtarış-xilasetmə işləri aparılıb.

Fhnews.az xəbər verir ki, Türkiyənin 11 vilayəti və 14 milyon insanı öz təsiri altına alan zəlzələ 120 min kilometrlik ərazini əhatə edib.

Şəhərləri, kəndləri yerlə-yeksan edən bu yeraltı təkanların gücündən Hatayda yer səddində 400 metr uzunluğunda nəhəng çat meydana gəlib, Qaziantepdə iki təpə birləşib, Qaziantepin Nurdağı vilayətində bir kənd iki hissəyə ayrılıb, Kahramanmaraşın Çiğli kəndi 6,5, Değirmenkaya kəndi isə 6 metr sürüşüb.

Təbii fəlakət zamanı dağıntılar altında qalan minlərlə insan yardım gözləyirdi. Lakin fəlakətin şiddəti və əhatə dairəsi bu işləri olduqca çətinləşdirirdi. Yolların çökməsi, aeroportların, dəmir yollarının sıradan çıxması, dənizin daşması nəqliyyat vasitələrinin hərəkətini dayandırdı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə dövlətin bütün qurumları səfərbər edildi, kabinet üzvləri zəlzələ bölgəsinə göndərildi. Təxminən 200 mindən çox işçi qüvvəsi fəlakət bölgəsinə yola düşdü.

Görülməmiş fəlakətlə qarşı-qarşıya qalan Türkiyə tarixinin ən çətin günlərindən birini yaşayırdı. Dövlətlə xalqın səfərbər olduğu bu faciədə yeganə məqsəd dağıntılar altında qalan insanları xilas etmək idi. Nə qədər çətin olsa da quru, hava və dəniz yardım dəhlizləri yaradıldı. Ucqar kəndlərə helikopterlər göndərildi.

Dövlət rəsmiləri ilə yanaşı, sadə vətəndaşlar da bölgəyə yardım üçün səfərbər oldu. Bütün bələdiyyələrdə yardım kampaniyaları başladıldı. Geyim, ayaqqabı, yataq, ərzaq və digər vasitələr fəlakət bölgəsinə göndərildi.

Ölkədə beynəlxalq yardım da daxil olmaqla, 4-cü səviyyə həyəcan siqnalı verildi. Bunun ardından 90 ölkədən axtarış-xilasetmə qrupları zəlzələ bölgəsinə köməyə gəldi. Zəlzələdən sonra Türkiyəyə özünü çatdıran ilk xarici heyət isə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndələri olub. Azərbaycan yardıma 41-i tibb işçisi olmaqla 725 nəfər göndərib. Komandalar fevralın 6-da Türkiyəyə gələrək həm axtarış-xilasetmə, həm də digər fəaliyyətlərdə iştirak ediblər. Martın ilk həftəsinə kimi vəzifələrini davam etdirən azərbaycanlı axtarış-xilasetmə mütəxəssisləri Türkiyəni tərk edən sonuncu komanda olub. Nümayəndələrimiz 53 nəfəri dağıntılar altından xilas edib.

Zəlzələdən sonra 48 saat ərzində bağlanan yollar açıldı, səhra xəstəxanaları, səyyar mətbəxlər və sobalar yaradıldı. Türkiyənin Milli Müdafiə Nazirliyinə aid “Bayraktar” və “Sancaktar” gəmiləri Hatayın İskəndərun limanında xəstəxana kimi fəaliyyətə başladı.

Təcili olaraq bölgədə 350 çadır şəhərciyi yaradıldı ki, burada 2,5 milyon insanın sığındığı 645 min çadır quruldu. Daha sonra zəlzələyə davamlı ərazilər müəyyən edilərək 414 konteyner şəhərciyi salındı. Burada da 690 mindən artıq insanın müvəqqəti yerləşdirildiyi 215 min 188 konteyner evi quruldu.

Fəlakətdən cəmi 18 gün sonra daimi yaşayış evlərinin ilk təməlləri atıldı. Cəmi 80 gün sonra zəlzələdən zərərçəkənlər inşası tamamlanan kənd evlərinə köçdülər. Sonradan ötən on ay ərzində 349 min 79 ailəyə 14 milyard 452 milyon 608 min Türk lirəsi məbləğində kirayə yardımı edildi. On bir vilayətdə bir sıra tikilinin, o cümlədən Hatayda Defne və İskenderun Dövlət Xəstəxanalarının, eləcə də Hatay Təhsil və Araşdırma Xəstəxanasının təməlləri atıldı. İki aya Defne Dövlət Xəstəxanasının tikintisi tamamlandı.

Hər zaman olduğu kimi, fəlakətin ardından başladılan yenidənqurma işlərində də Azərbaycan Türkiyənin yanında oldu. Azərbaycan ilə Türkiyə arasında imzalanan Sazişə əsasən, dövlətimiz Kahramanmaraş vilayətində baş verən zəlzələdən zərər çəkmiş bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi inşa edir.

Zəlzələ bölgəsində 2 milyon 302 min binada və 6 milyon 227 min müstəqil evdə dəymiş ziyanın qiymətləndirilməsi aparılıb və indiyədək dağıntıların təmizlənməsi prosesinin 91 faizi tamamlanıb. Yeraltı təkanların baş verdiyi şəhər mərkəzləri və kəndlərdə 307 min binanın tikintisinə başlanılıb. Hazırda bölgədə inşa edilən ilk evlərin açarları mərhələli şəkildə sahiblərinə təqdim edilir.

Xatırladaq ki, Türkiyədə baş verən zəlzələ zamanı həlak olanlar arasında azərbaycanlılar da var.

Paylaş: