22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyə inşaatçıları 6 ayda xaricdə 7,6 milyard dollarlıq sifarişlər alıblar

03-07-2024
IMG

Türkiyənin tikinti podratçı-şirkətləri cari ilin birinci yarısında xaricdə ümumi dəyəri 7,6 milyard dollar olan 82 layihənin həyata keçirilməsinə sifarişlər alıblar.

Bu barədə Türkiyənin Ticarət Nazirliyinin məlumatına istinadla xəbər verir.

Nazirlik qeyd edib ki, çoxsaylı risklər və çağırışlar, o cümlədən koronavirus pandemiyası və Rusiya Federasiyası ilə Ukrayna arasında müharibəyə baxmayaraq, dünyada Türkiyənin tikinti biznesinin mövqeyi möhkəmlənməkdə davam edir.

“2019-cu ildə Türkiyə podratçıları xaricdə 20,1 milyard dollar dəyərində 545 layihə həyata keçirib. 2020-ci ildə - pandemiyanın pik dövründə bu göstərici 16,6 milyard ABŞ dolları dəyərində 385 layihəyə qədər enib, artıq 2021-ci ildə isə 31,1 milyard dollarlıq 454 layihə ilə rekord səviyyəyə çatıb”, - deyə nazirlikdə qeyd edilib.

2022-ci ildə Türkiyə inşaatçıları xaricdə 19,9 milyard dollarlıq 505 layihə, ötən 2023-cü ildə isə - 28 milyard dollarlıq 431 layihə həyata keçiriblər.

Ümumilikdə isə Türkiyənin xarici tikinti biznes layihələrinin statistikasını aparmağa başladığı 1972-ci ildən indiyədək türk şirkətləri 137 ölkədə ümumi dəyəri 511 milyard dollar olan 12 207 layihə həyata keçirib.

Türkiyə şirkətlərinin ən çox tikinti layihəsi həyata keçirdiyi ölkələrin siyahısına Rusiya başçılıq edir. Türkiyənin podratçı şirkətlərinin xaricdə gördüyü işlərin 20 faizi və ya 102,3 milyard dolları Rusiya bazarının payına düşür.

Daha sonra Türkmənistan (10,5 faiz - 53,4 milyard dollar) və İraq (6,8 faiz - 34,7 milyard dollar) gəlir. İlk 5 ölkə sırasına, həmçinin Liviya (30,9 milyard dollar) və Qazaxıstan (29 milyard dollar) daxildir.

Azərbaycanda yerinə yetirilən işlərin həcmi 19,3 milyard dollar olub.

Paylaş: