22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Torpaq sürüşmələrinin artmasında leysan xarakterli yağışların tez-tez təkrarlanması ciddi rol oynayıb

04-07-2024
IMG

Son günlər ölkə ərazisində ekzogen geoloji proseslərin - torpaq sürüşmələrinin dinamikasında artım müşahidə olunmaqdadır. Proseslərin inkişafında klassik sürüşmə ocaqlarının mövcudluğu ilə yanaşı, 2024-cü ilin iyun ayı ərzində ölkə ərazisində, xüsusilə dağlıq və dağətəyi rayonlarda qısamüddətli, lakin leysan xarakterli yağışların tez-tez təkrarlanması ciddi rol oynayıb.

Fhnews.az xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev AZƏRTAC-a açıqlama verib: “Dağlıq rayonlarda ay ərzində 24 gün yağıntılı keçib və yağıntının miqdarı normadan çox olub, bu da sürüşmələrin mövsümə uyğun olmayan anomal təzahürlərini şərtləndirib. Qısa dövr ərzində Quba rayonunun Xınalıq, İsmayıllı rayonunun Namazgah-Lahıc, Qoydan və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 75.2-ci kilometrliyində baş verən nisbətən iri sürüşmə sahələrinin qeydə alınması təbii geoloji, texnogen və iqlim faktorlarının birgə təsiri nəticəsində formalaşıb”.

Ə.Əliyevin sözlərinə görə, Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri tərəfindən ən iri sürüşmə ocağı olan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 75.2-ci kilometrliyindəki sürüşmə sahəsinə operativ mühəndis-geoloji baxış keçirilib, prosesin baş vermə səbəbləri və onun inkişaf prosesi qiymətləndirilib: “Ərazinin relyef-morfoloji xüsusiyyətlərinə (yamacın mailliyi 40-450) və infiltrasiya sularının Ceyrankeçməz dərəsinə doğru olması nəmlənmiş kütlənin sürüşməsinə əlverişli zəmin yaradıb və proses iki mərhələdə baş verib”.

Mütəxəssis qeyd edib ki, həmin sahədə sürüşmə prosesinin formalaşmasında təbii geoloji şərait əlverişli sayılsa da, hazırkı proses bilavasitə iqlim amilləri və avtomobil yolundan iritonnajlı yük avtomobillərinin keçməsi ilə şərtləndirilir.

“Baş vermiş sürüşmə (detruziv tipli) sahəsinin eni 50-52, uzunluğu 165-170, qırılma qaşının hündürlüyü 4-4,5 metr arasında dəyişir. Proses nəticəsində sürüşmə gövdəsi üzərində eni 0,05-0,95 santimetr, uzunluğu 2-6, görünən dərinliyi 1,3-3,5 metr və avtomobil yolunun sağ zolağında müxtəlif istiqamətli çatlar əmələ gəlib. Qırılma qaşının vertikal kəsiyində qeydə alınan infiltrasiya suları hazırda proseslərin aktiv fazada olmasının göstəricisidir. Monitorinqlər davam edir”, - deyə Ə.Əliyev bildirib.

Paylaş: