22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir

05-07-2024
IMG

Düyünlü zob və ya qalxanabənzər vəzin düyünlərini aradan qaldırmağın əsas cərrahi müalicə üsullarından biri tiroidektomiya – tiroid (qalxanabənzər) toxumasının çıxarılması əməliyyatıdır. Tiroidektomiya əməliyyatı tiroid vəzinin tamamən və ya qismən xaric edilməsi üçün aparılan cərrahi əməliyyatdır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2022-ci ildən 2024-cü ilin ilk 4 ayını əhatə edən dövr ərzində icbari tibbi sığorta hesabına bununla bağlı 3049 əməliyyat icra olunub.

Qalxanabənzər vəzi (tiroid) boynun ön-aşağı hissəsində qığırdağın altında traxeyanın önündə yerləşir. Kəpənək formasında olan qalxanabənzər vəzi hormon istehsal edən endokrin orqandır. Tiroid orqanizmdə maddələr mübadiləsinin tənzimlənməsində önəmli rol oynayaraq bədəndə enerji istehsalını təmin edir və əzələlərin effektiv işləməsinə imkan yaradır.

Qalxanabənzər vəzinin bədxassəli şişi, xəstənin sağlamlığı üçün təhlükə yarada bilən düyün və ya şişlər, qalxanabənzər vəzinin sürətlə böyüməsi və konservativ müalicəyə tabe olmaması, həmçinin bəzi hallarda xəstəliyin xronikləşməsi zamanı konservativ müalicənin effektiv olmaması trioidektomiya əməliyyatının aparılması üçün göstəriş hesab olunur.

İcbari tibbi sığorta ilə qalxanabənzər vəzinin və qalxanabənzər ətraf vəzilərin (paratiroid) tam və ya bir hissəsinin çıxarılması, qalxanabənzər vəzinin bir payının xaric edilməsi (lobektomiya), qalxanabənzər vəzini birləşdirən toxuma zolağının (istmusun) çıxarılması əməliyyatları ödənişsiz həyata keçirilir.

Qalxanabənzər vəzinin funksional problemlərini fiziki müayinə, USM və rəngli dopler müayinəsi, tiroid stimulyasiyaedici hormon (TSH), triiodotironin (T3), tiroksin (T4), tiroid hormon birləşdirmə nisbəti (THBR), larinqoskopiya metodu ilə səs tellərinin müayinəsi və qalxanabənzər vəzinin açıq biopsiyası əsasında aşkar etmək mümkündür. Sadalanan instrumental və laborator müayinələr icbari tibbi sığorta hesabına aparılır.

Tiroidektomiya ilə bağlı laboratoriya xidmətləri, reanimasiya və stasionarda qalmaq, əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, yatış müddətində təyin edilmiş laborator və instrumental müayinələr, manipulyasiyalar, histopatoloji, sitopatoloji müayinələr, qan və ya qan komponentləri icbari tibbi sığorta ilə qarşılanır.

Əməliyyat icbari tibbi sığorta hesabına Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, o cümlədən Səhiyyə Nazirliyinin M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və Milli Hematologiya və Transfuziologiya Mərkəzində həkim göstərişi əsasında icra olunur.

Paylaş: