22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

TDT-nin Baş katibi: 2023-cü ildə Türk dünyasının liderləri Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü bir daha dəstəklədilər

30-12-2023

2023-cü ildə Türk dünyasının liderləri Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə etdilər. Bu fikirləri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev 2023-cü ildə görülən işlərin yekununa dair Yeni il təbriki mesajında bildirib.

Fhnews.az  təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, Baş katib Özbəkistanın sədrlik etdiyi 2023-cü ildə TDT-nin üzv dövlətləri və müşahidəçi ölkələr arasında həmrəyliyin artdığını bildirib. O qeyd edib ki, əməkdaşlıq sahələri 30-a çatıb, təşkilat çərçivəsində siyasət, iqtisadiyyat, ticarət, nəqliyyat, turizm, səhiyyə, təhlükəsizlik və təhsil üzrə 110-dan çox tədbir təşkil olunub.

Baş katib vurğulayıb: “Türk dünyasının liderləri “Türk dövrü” devizi altında Astana Sənədini imzalayıblar və bununla da müxtəlif beynəlxalq məsələlər üzrə ortaq mövqe nümayiş etdiriblər. Ənənələrin yaşadılması, birlik nümayişi, islahatlar, etimad, sərmayələr, vasitəçilik və fəal mövqe yeni yolun istiqamətverici amilləri kimi qiymətləndirilir. Zirvə görüşündə regionumuzda baş verən mühüm hadisələr də müzakirə edildi. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü bir daha dəstəkləyən və Türkiyə Cümhuriyyətinin 100 illiyini qeyd edən liderlərimiz təkcə regional kontekstdə deyil, həm də beynəlxalq müstəvidə ədalət və bərabərlik məsələlərində qətiyyətlərini nümayiş etdirdilər.

Kubanıçbek Ömüralıyev iqtisadi sahədə də əldə olunan uğurlardan bəhs edib. O bildirib ki, TDT yola saldığımız ildə İqtisadi Əməkdaşlıq Təşkilatına müşahidəçi qismində qəbul olunub. Eyni zamanda, Türk İnvestisiya Fondu və “Turan” xüsusi iqtisadi zonası Türk dövlətləri arasında iqtisadi əməkdaşlığa töhfə verir. Astananın 2024-cü ildə Türk dünyasının maliyyə mərkəzi elan edilməsi də mühüm addımdır.

Baş katib qeyd edib ki, 2023-cü ildə TÜRKSOY, TÜRKPA, Türk Akademiyası kimi təşkilatların fəaliyyəti də uğurlu olub. 2024-cü ildə Qazaxıstanın sədrliyi ilə TDT müxtəlif əməkdaşlıq sahələrində daha böyük nailiyyətlər əldə etməyi hədəfləyir.

“2024-cü ili nikbinlik, planların həyata keçirilməsində qətiyyət, çətinliklərin öhdəsindən gəlinməsi və fürsətlərdən istifadə edilməsində möhkəm iradə ilə qarşılayırıq. Qoy, Yeni il Türk Dövlətləri Təşkilatının hər bir üzvünə sülh, rifah və uğur gətirsin”, -deyə təşkilatın Baş katibi müraciətinə yekun vurub.

 

Etiketlər:
Paylaş: