Tbilisidə havanın çirklənməsi təhlükəli həddə yaxınlaşır
Gürcüstan paytaxtında havanın çirklənmə səviyyəsi qorxulu həddə yaxınlaşır.
Fhnews.az xəbər verir ki, bu barədə Dünya Bankının dərc etdirdiyi “Yoxsulluq və Tbilisidə havanın çirklənməsinin paylanmasının nəticələri” adlı hesabatda deyilir.
Bildirilir ki, havanın çirklənməsinin paylanma təsirini qiymətləndirmək üçün müxtəlif məlumat mənbələrindən, o cümlədən rəsmi məlumatlardan, aparılan qiymətləndirmələrdən, peyk şəkillərindən və real vaxt rejimində monitorinq nəticələrindən istifadə edilib.
Məlum olub ki, problemin əsas səbəblərindən biri Tbilisidəki nəzarətsiz tikililərdir ki, bu zaman havanın ventilyasiyası təmin olunmur. Bunun nəticəsində isə işlənmiş qazlar şəhərdə “yatır”.
Araşdırmaya görə, Tbilisidə havanın çirklənməsinə və keyfiyyətinə nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin və sənaye emissiyalarının tənzimlənməsi, eləcə də texnologiyaların təşviqi ilə hava çirkliyini azaltmaq mümkündür. Elektrikli nəqliyyat vasitələrinin istifadəsini təşviq etmək və yanacaq standartlarına ciddi riayət etmək, Gürcüstanın yaşıl keçidə hazırlıqlarının mühüm hissəsi olan nəqliyyatdan emissiyaları azalda bilər. Bundan əlavə, istixana qazı emissiyalarını tənzimləmək üçün sektoral siyasət aləti kimi karbon krediti sisteminin tətbiqi ümumi emissiyaları azaltmaqla yerli havanın keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər .
“Havanın çirklənməsi ölümcül xəstəliklərə səbəb olmaqla, zərərli həyat şəraiti yaradaraq ekosistemləri pozur, yoxsulluğu və bərabərsizliyi gücləndirərək inkişafı əngəlləyir. Dünya Bankı havanın çirklənməsindən ən çox təsirlənən yoxsul və həssas əhalini qorumaq üçün Gürcüstanla sıx əməkdaşlığı davam etdirməyə sadiqdir”, – deyə hesabatda vurğulanır.
Tbilisidə havanın çirklənməsi ilə bağlı ciddi vəziyyət yarandığını gürcü mütəxəssislər də təsdiqləyirlər. Akademik Simon Baramidzenin sözlərinə görə, bu baxımdan istilik qazanxanalarının tullantıları diqqəti cəlb edir ki, bu da şəhərdə çətin vəziyyət yaradır.
“Bir neçə il əvvəl xüsusilə paytaxtda hava yerdən 3 metr hündürlükdə çirklənirdisə, bu gün həmin hədd artıq 10 metrə yüksəlib və şəhərdə heç bir havalandırma yoxdur. Əvvəllər Tbilisidə külək saniyədə 6-7 metr sürətlə əsirdisə, indi 12-15 metr/saniyə sürət tələb olunur. Tam soyuma üçün Gürcüstanda hər zaman tufanlar olmalıdır.
Yayda üfüqi ventilyasiya baş vermədikdə asfalt örtüyü günəşdən qızır, paytaxtda havanın temperaturu yüksəlir. Ona görə də temperatur bu qədər yüksəkdir və təsirli tədbirlər görülməzsə, daha da yüksələcək”, – deyə Simon Baramidze vurğulayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...