22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Təhlükəsizlik kəməri bizi həyata bağlayan vasitədir
 

10-02-2024

2023-cü ildə yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 31,0 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub

Müasir avtomobillər uzun inkişaf yolu keçsə də, passiv təhlükəsizlik sisteminə aid olan təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri qoruyan əsas vasitələrdən biridir. Dəfələrlə təsdiq olunub ki, yol-nəqliyyat hadisələrində təhlükəsizlik kəmərindən istifadə edən sürücü və ya sərnişinlər, kəmərdən istifadə etməyənlərə nisbətən daha yüngül xəsarət alır. Bir çox hallarda isə onlar məhz kəməri bağladıqları üçün sağ qalır.

Fhnews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2023-cü il ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 31,0 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub.

Qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhlükəsizlik kəmərini bağlamalıdır. Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir. Hərəkət vaxtı sərnişinlərinin təhlükəsizlik kəmərlərini bağlamalarına nail olan sürücü, həm qanunun tələbini yerinə yetirir, həm də gələcəkdə özü üçün yarana biləcək hüquqi problemlərin qarşısını alır. Sərnişinlər də təhlükəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olurlar.

Unutmayaq ki, təhlükəsizlik kəməri avtomobildə hərəkət zamanı bizi həyata bağlayan vasitədir.

Paylaş: