22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Tacikistanda hicab və dini bayramlara qadağa qoyulub

21-06-2024
IMG

Tacikistanda hicabdan istifadəni və dini bayramların qeyd olunmasını qadağan edən qanun layihəsi təsdiqlənib. Qanuna əməl edilmədiyi təqdirdə, fiziki şəxslərə və qurumlara yüksək cərimələr tətbiq oluna bilər.

Əksəriyyətinin müsəlman olduğu Tacikistanda parlamentin yuxarı palatası olan Milli Məclis  hicabın qadağan olunmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.Qanun çərçivəsində uşaqların Ramazan və Qurban bayramını qeyd etməsi də qadağan edilib.

İyunun 8-də parlamentin aşağı palatası olan Nümayəndələr Palatası tərəfindən qəbul edilən qanun layihəsi Tacikistan Prezidenti Emomali Rəhman tərəfindən imzalandıqdan sonra qüvvəyə minib.

Qanun milli dəyərləri qorumaq üçün tacik mədəniyyətinə uyğun olmayan xarici mədəniyyətlərdən olan paltarların geyinilməsini, idxalını, satışı və reklamını da  qadağan edir.

Qanuna əməl edilmədiyi təqdirdə, fiziki şəxslər 740 dollara qədər, qurumlar isə 5400 dollara qədər, dövlət məmurları 3700, dini qurumlar isə 5060 dollar civarında cərimələnəcək.

Qeyd edək ki, Tacikistanda hicaba qarşı mübarizə 2007-ci ildə başlayıb, məktəblərdə bəzi geyimlərə qadağa qoyulub, daha sonra bu qayda bütün dövlət qurumlarını əhatə edəcək şəkildə genişləndirilib.

Tacikistan hakimiyyəti 2017-ci ildə qadınları tacik paltarı geyinməyə çağırıb və 2018-ci ildə tövsiyə olunan geyimlərlə bağlı 376 səhifəlik bələdçi nəşr edilib.

Paylaş: