22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Tacikistan və Qırğızıstan mübahisəli sərhədlə bağlı razılığa gəlib

19-02-2024

Tacikistan və Qırğızıstan aralarındakı mübahisəli sərhədin daha 1,1 kilometri ilə bağlı razılığa gəliblər. Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin bəyanatında bildirilir ki, iki ölkənin işçi qrupları ölkənin şimalındakı Soqdiya vilayətinin Bostan şəhərində görüş keçirib.

Açıqlamada qrupların  araşdırmalarından sonra daha 1,1 kilometr ümumi sərhəddə razılaşdığı və bununla bağlı protokolun imzalandığı bildirilib. Qırğızıstanda keçiriləcək növbəti görüşdə iki ölkə arasında mübahisəli sərhədin digər hissələri ilə bağlı işlər davam etdiriləcək. 

Qeyd edək ki, Qırğızıstan və Tacikistan arasındakı 972 kilometrlik ümumi sərhədin indiyə qədər təxminən 90 faizə bərabər olan 889,45 kilometrlik hissəsi ilə bağlı razılıq əldə olunsa da, sonuncu dəfə yanvarın 30-dan fevralın 5-dək Qırğızıstanın Batken şəhərində görüşən tərəflər sərhədin əlavə 3,71 kilometri ilə bağlı razılığa gəlib və  protokol imzalayıblar.

Xatırladaq ki, Tacikistan və Qırğızıstan arasında sərhəd mübahisələri səbəbindən zaman-zaman gərginlik və münaqişələr yaranıb. İki ölkə arasında sonuncu münaqişə 14 sentyabr 2022-ci ildə baş verib və hər iki tərəfdən onlarla insan həyatını itirib.

Paylaş: