22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

TƏBİB-də İtaliya-Azərbaycan Ticarət Palatası ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub

31-10-2024
IMG

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

TƏBİB-dən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə İtaliyanın “GPI Group” şirkətinin Regional vitse-prezidenti Giulio Bertini, şirkətin regional koordinatoru Pietro Urso, “iCsquared GmbH Suisse” şirkətinin rəhbəri Ayaz Bayramov daxildir. Görüşdə TƏBİB-in İcraçı direktorunun müavinləri, aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

Görüşün məqsədi İtaliya-Azərbaycan Ticarət Palatası vasitəsilə tibb sahəsində əməkdaşlıq perspektivlərinin genişləndirilməsi müzakirələrinin aparılması, eləcə də elm və texnologiya sahələri ilə məşğul olan GPI şirkətinin rəqəmsal tibbi xidmətlər, xəstəxana məlumat sistemi, səhiyyə idarəetməsi, diaqnostik xidmətlər və teletibb sahələri üzrə təcrübəsi ilə tanışlıq olub. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, ölkəmizin sıx əməkdaşlıq etdiyi ölkələr sırasında İtaliya xüsusi yer tutur. İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğu vurğulayan Vüqar Qurbanov bu ölkədə istehsal olunan əczaçılıq məhsullarının və tibbi texnologiyaların, eləcə də avadanlıqların Azərbaycana idxal edilməsini yüksək qiymətləndirib. Bildirib ki, İtaliyanın Azərbaycanda dövlət qeydiyyatından keçmiş əczaçılıq məhsulları, tibbi avadanlıq və cihazları xəstəxanalarımızda istifadə olunur: “Artıq uzun illərdir ki, ölkəmizdə istifadə olunan İtaliya istehsalı olan təcili tibbi yardım avtomobilləri özünü doğruldub. Avtomobillər xəstə səhiyyə müəssisəsinə aparılarkən artıq yolda belə müalicəyə başlamağa, eləcə də pasiyentlərin təhlükəsiz daşınmasına imkan verir”, - deyə V. Qurbanov vurğulayıb.

İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi İtaliya-Azərbaycan Ticarət Palatasının artıq 2 ildən çoxdur ki, iki ölkə arasında yoldaşlıq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə uğurla xidmət etdiyini diqqətə çatdırıb.

Müzakirələr formatında keçən görüşdə Vüqar Qurbanov yaşlılara və xüsusi qayğıya ehtiyacı olanlara xəstəxanadan kənar tibbi xidmətlərin göstərilməsi üzrə innovasiyaların tətbiqini yüksək qiymətləndirib və gələcəkdə bu istiqamətdə əməkdaşlığın mümkünlüyünü qeyd edib.

Paylaş: