22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

TƏBİB: Bir neçə rayonun sakinləri kardioloji müayinələrdən keçiblər

30-09-2024
IMG

TƏBİB-in təşəbbüsü, Qarabağ Dirçəliş Fondunun iştirakı ilə Ümumdünya Ürək Gününə həsr olunmuş “Ürəyimiz Qarabağda döyünür” layihəsi çərçivəsində Füzuli Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların kardioloji müayinələri aparılıb.

TƏBİB-dən verilən məlumata görə, müayinələr Ağdam-Ağcabədi tibbi ərazi bölməsi üzrə Beyləqan, Füzuli, Ağdam, Ağcabədi, Xocavənd rayonlarının sakinləri üçün təşkil edilib.

“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” çərçivəsində təşkil edilən kardioloji müayinələrə ümumilikdə 550-yə yaxın vətəndaş cəlb olunub. Bakı, Sumqayıt və Göyçay şəhərində TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən ixtisaslı həkim mütəxəssislər tərəfindən EXO, EKQ, fetal exokardioqrafiya, laborator xidmətlər olmaqla ümumilikdə 5 adda kardioloji xidmət göstərilib.

Müayinələr zamanı daha çox hipertoniya, ekstrasistolik aritmiya, səyirici aritmiya, sinus taxikardiyası, ürək çatışmazlığı, miokard infarktı aşkarlanıb. Müxtəlif sosial qruplardan olan vətəndaşlar arasında həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrdə iştirak ediblər.

Müayinələrə cəlb edilənlərdən 17 nəfər şəhid ailəsinin üzvləri, 31 nəfər isə qazi olub.

Kardioloji müayinələrdə hamilə qadınlar və yetkinlik yaşına çatmayan şəxslər də iştirak ediblər. Müayinə olunan 40-dan çox uşaqdan 4-də ürək çatışmazlığı aşkarlanıb, 6 hamilə qadın isə dölün ürəyinin inkişafını izləmək üçün fetal exokardioqrafiya müayinələrindən keçib.

Xəstəliklərin ağırlaşmış formaları aşkarlanan vətəndaşlar ixtisaslı tibb müəssisələrinə yönləndirilib.

“Ürəyimiz Qarabağda döyünür” layihəsi çərçivəsində həkim-mütəxəssislər tərəfindən vətəndaşlara zəruri tibbi məsləhətlər və maarifləndirici məlumatlar da verilib.

Paylaş: