22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

"Süni intellekt 30 ildən sonra bizdən daha ağıllı olacaq"

31-05-2024
IMG

Bunu kompüter mütəxəssisi, Cənubi Koreyada “internetin atası” kimi tanınır alim Kilnam Chon deyib. O, İspaniyanın aparıcı qəzetlərindən biri olan “El Pais”ə verdiyi müsahibədə insan və meymunları müqayisə edərək süni intellektin inkişafı ilə bağlı bunları deyib : “Biz meymunları idarə edə bilərik, amma onlar bizi idarə edə bilməzlər. Əgər süni intellekt daha ağıllı olsa, onlar bizi idarə edəcək, biz onları yox.”

Bu sahədəki inkişafın nəzarətsiz şəkildə irəlilədiyini deyən alim süni intellektin 10, 20 və ya ən çox 30 il sonra insanlardan daha ağıllı olacağını iddia edib. Buna əsas olaraq  keçən il texnologiya sektorunun qabaqcıl adlarının etdiyi çağırışı xatırladıb.Texnoloji milyarder İlon Mask da daxil olmaqla, süni intellekt sənayesindən ən azı min investor və tədqiqatçı keçən ilin mart ayında dərc etdikləri açıq məktubda GPT-4-dən daha güclü sistemlərin yaradılmasına 6 aylıq fasilə verilməsini istəyib.

Çon bu çağırışın uğurlu olmadığını bildirərək, Amerika texnologiya şirkəti “OpenAI”-ın GPT-4o-nu işə saldığını və bu ilin ortalarında GPT-5-i təqdim etməyə hazırlaşdığını xatırladıb. 

Böyük texnologiya şirkətlərinin sərvət qazanmaq üçün süni intellekt sistemlərini inkişaf etdirməyə yönəldiyini deyən 81 yaşlı Çon artıq internetdən uzaq yaşamağın tamamilə qeyri-mümkün olduğunu bildirib.

Çində demək olar ki, bütün həyatın internet vasitəsilə rəqəmsallaşdırıldığına diqqət çəkən Kilnam Çonun fikrincə,müasir insan internet olmadan nə bilet ala, nə taksi götürə, nə də heç nə ala bilməz. “Çinlilər artıq nağd puldan istifadə etmirlər. Çinlidən internet işləmədiyi təqdirdə nə edəcəyini soruşun. Onlar dilənçiyə sədəqə belə verə bilməzlər.”-deyən alim zarafatından qalmayaraq küçələrdəki dilənçilərin pul almaq üçün çox vaxt yanlarında QR kod gəzdirdiklərinə diqqət çəkib. Yəni artıq bütün dünya bu istiqamətə doğru gedir.

Xatırladaq ki, Çon Cənubi Koreyada “internetin atası” kimi tanınır. Yapon əsilli akademik Seul Milli Universiteti ilə Koreya Elektron Texnologiyaları İnstitutu arasında ilk internet bağlantısını 1982-ci ildə yaradıb. 1985-ci ildə bu şəbəkə genişlənərək 20 institutu, o cümlədən universitetləri və laboratoriyaları əhatə edib.

Paylaş: