22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Süd vəzi xərçənginə qarşı peyvənd üzrə yeni nəticələr aşkarlanıb TƏDQİQAT

10-11-2024
IMG

Klivlend Klinikasının tədqiqatçıları ölümcül xərçəng növlərindən olan üçlü mənfi süd vəzi xərçənginin qarşısının alınmasına yönəlmiş peyvənd üzərində aparılan araşdırmaların yeni nəticələrini təqdim ediblər.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmanın yenilənmiş nəticələri ABŞ-ın Xərçəng İmmunoterapiya Cəmiyyətinin illik yığıncağında açıqlanıb və peyvəndin inkişafında ümidverici irəliləyişləri nümayiş etdirir.

Klivlend Klinikasının tədqiqat qrupu peyvəndin, ümumiyyətlə, yaxşı qəbul edildiyini və əksər xəstələrdə immun cavab yaratdığını müəyyənləşdirib. Onlar vaksinin əks təsirlərini, bu günə qədər qəbul edilmiş ən yüksək dozanı və peyvəndin immunoloji təsirlərini təfərrüatı ilə açıqlayıblar.

Klivlend Klinikasının Xərçəng İnstitutundan olan həkim, klinik araşdırmanın əsas tədqiqatçısı Tomas Budd bildirib ki, bu peyvənd, uzunmüddətli baxımdan yüksək risk altında olan insanlarda bu aqressiv xəstəliyin qarşısını almağa kömək edəcək profilaktik vasitə ola bilər. 2021-ci ildə başlayan və ABŞ Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən klinik sınaq hazırda 1-ci fazadadır və peyvəndin təhlükəsizliyini, immun cavabını qiymətləndirir. Klivlend Klinikasının əsas kampusunda aparılan həmin sınaq aşağıdakı üç qrup üzərində aparılır:

1. Faza 1a - Son üç il ərzində erkən mərhələdə üçlü mənfi süd vəzi xərçənginin müalicəsini tamamlayan və hazırda şişi olmayan, lakin təkrarlanma riski yüksək olan xəstələr.

2. Faza 1b - Xərçəngsiz və süd vəzi xərçəngi riski yüksək olan, məsələn, BRCA1, BRCA2 və PALB2 mutasiyaları daşıyan, profilaktik mastektomiya etməyi seçmiş şəxslər.

3. Faza 1c - Əməliyyatdan əvvəl kemoimmunoterapiya və cərrahiyyə almış, əməliyyatdan sonra isə pembrolizumab ilə müalicə edilən və təkrarlanma riski olan erkən mərhələdə üçlü mənfi süd vəzi xərçəngi olan xəstələr.

Bu günə qədər sınaqda 26 xəstə iştirak edib. Sınağın nəticələri uğurlu olarsa, 2-ci faza tədqiqatı 2025-ci ildə başlanacaq və bunun təxminən iki-üç il davam edəcəyi planlaşdırılır. Həkim T.Buddun sözlərinə görə, üçlü mənfi süd vəzi xərçəngi hormonal və hədəflənmiş müalicələrə cavab verməyən xüsusiyyətlərə malikdir, bu da onun effektiv müalicəsini çətinləşdirir. Bu xərçəng növü bütün süd vəzi xərçənglərinin yalnız 10-15 faizini təşkil etsə də, ölüm hallarının böyük bir hissəsi bu növ xərçənglə əlaqədardır. Xüsusilə qaradərili qadınlarda daha çox rast gəlinən bu xəstəlik, BRCA1 genində mutasiya olan qadınlarda isə demək olar ki, 70-80 faiz hallarda baş verir.

Peyvənd, Klivlend Klinikasının Lerner Tədqiqat İnstitutunda mərhum həkim Vinsent Tuohinin rəhbərliyi ilə aparılmış ilkin tədqiqatlara əsaslanır. Həkimin illər boyu apardığı tədqiqatlar bu peyvəndin inkişafına səbəb olub. Onun siçanlarda apardığı və “Nature Medicine” jurnalında dərc olunmuş tədqiqat, peyvəndin α-laktalbumin zülalını hədəf alaraq süd vəzi xərçənginin qarşısını təhlükəsiz və effektiv şəkildə ala biləcəyini göstərib. Bu zülal laktasiyadan sonra normal süd vəzi toxumalarında tapılmır, lakin əksər üçlü mənfi süd vəzi xərçənglərində mövcuddur və peyvənd vasitəsilə immun sistemin bu zülalı hədəf alması, şişin böyüməsini dayandırmağa kömək edir.

T.Budd, bu peyvənd yanaşmasının gələcəkdə digər xərçəng növlərində də tətbiq olunacağına ümid etdiklərini vurğulayıb. Peyvəndin inkişafına son 12 il ərzində 20 mindən çox insanın etdiyi xeyriyyə ianələri kömək edib. Bu araşdırma, süd vəzi xərçəngi olan xəstələrin gələcəkdə həyatlarını xilas edəcək yeni profilaktik metodların inkişafı istiqamətində mühüm addım hesab olunur.

Paylaş: