Fovqaladexeberler.az xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri yaşayış məhəlləsinin tikintisi aparılan ərazidə olub, görülən işlərlə maraqlanıb. Layihə rəhbəri Vidadi Həsənov bildirib ki, yaşayış məhəlləsindəki binaların hər biri beşmərtəbəlidir. 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa edilir.
Artıq üç binanın birinci mərtəbəsinin döşəməsi betonlanıb, ikinci mərtəbədə hazırlıq işləri gedir. Qalan iki binada isə zirzəmidə işlər yekunlaşıb.
Hər biri iki girişli olan binalarda lift quraşdırılacaq. Hər binanın zirzəmisində 22 avtomobil üçün dayanacaq olacaq. İstilik təchizatı mərkəzi qazanxana sistemi ilə həyata keçiriləcək.
Məhəllədə futbol, idman və uşaq meydançaları, transformator yarımstansiyası, su anbarı və digər zəruri infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulur. Burada, həmçinin geniş yaşıllıq zolaqları da salınacaq.
Xatırladaq ki, Suqovuşan qəsəbəsi Vətən müharibəsində, 2020-ci il oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.