22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Sumqayıt həkimləri konfrans zamanı cərrahiyyə əməliyyatını birbaşa izləyiblər

03-03-2024

Sumqayıtda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti, Almazakademi Tibbi Treyninq Mərkəzi, TƏBİB və Sumqayıt Tibb Mərkəzinin təşkilatçılığı ilə “Kəskin daşlı xolesistitin müalicəsində müasir yanaşmalar” mövzusunda konsensus konfransı keçirilib.

Fhnews.az xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Sumqayıtdakı abidəsi önünə tər gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Şəhərin Heydər Əliyev Mərkəzində müxtəlif ixtisaslı həkimlərin iştirak etdiyi konfransın açılış hissəsində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, deputat Müşfiq Məmmədli çıxış edərək konfransın işinə uğurlar arzu ediblər.

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov çıxışında bildirib ki, əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir.

Qeyd edilib ki, son illər bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər həyata keçirilib.

Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov rəhbərlik etdiyi müəssisənin fəaliyyətindən, həyata keçirilən cərrahi əməliyyatlardan bəhs edib. O, bu kimi konfransların təşkilinin səhiyyənin daha da inkişafına öz töhfəsini verəcəyin diqqətə çatdırıb.

Konfransın panel hissəsi M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Yoğun və düz bağırsağın cərrahlığı şöbəsinin rəhbəri, tibb elmləri doktoru, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti, professor Qurbanxan Müslümov tərəfindən Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Xəstəxanasında icra olunan cərrahiyyə əməliyyatının konfrans zala canlı translyasiyası ilə başlayıb.

Plenar iclasla professorlar Qurbanxan Müslümov, Rəşad Mahmudov, İslam Mahalov, tibb üzrə fəlsəfə doktorları Emil Muxtarov, Fərid Rəfiyev, Nicat Alışov və Cavanşir Vahabov tərəfindən tibbin müxtəlif sahələrini əhatə edən təqdimatlar edilib və iştirakçılarla bərabər səmərəli müzakirələr təşkil olunub.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Paylaş: