Su istehlakı qənaətcil rejimə keçməyi zəruri edir
Qışın çoxdan girməsinə baxmayaraq, ölkənin bəzi regionlarda hələ qar yağmayıb. Bir neçə ildir ki, Azərbaycanda yağıntı miqdarının azalan istiqamətdə dəyişməsi müşahidə edilir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, son 10-12 ildə Azərbaycan üzrə yağıntının miqdarı 1,6 dəfə çox azalıb. Əgər 2011-ci ildə ölkə üzrə orta yağıntı miqdarı göstəricisi 600 millimetr olubsa, 2016-ci ilə kimi dəyişmələrlə 579 millimetrə düşüb. Ümumi dəyişmə mənzərəsi azalan istiqamətə meylli olub və 2022-ci ildə göstərici 375 millimetrə düşüb. Nəzəri olaraq 1 millimetr yağıntının göstəricisi 1 kvadratmetr əraziyə 1 litr yağış və qar suyunun düşməsinə bərabərdir. Bu, o deməkdir ki, əgər 2011-ci ildə Azərbaycanın hər kvadratmetrinə orta hesabla 606 litr yağıntı düşübsə, 2020-ci ildə həmin göstərici 38 faiz azalaraq 375 litr olub. Ekspertlər bu azalmanı normadan düşmə kimi qiymətləndirirlər. Norma kimi isə 1961-1990-cı illər üzrə Azərbaycan üçün 480 millimetrə bərabər olan orta çoxillik göstərici götürülür. 2020-ci ilin göstəricisi həmin səviyyədən 22 faiz aşağıdır. Bu isə Azərbaycanın yerli su mənbələrinin formalaşmasına azalan istiqamətdə təsir göstərir.
Fhnews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyevin dediyinə görə, Azərbaycanın yerli su ehtiyatlarının formalaşmasında yağıntının miqdarı əsas amillərdən biridir. Yəni son illərdə Azərbaycanın bir çox çaylarının yayda quruması, o cümlədən Kür çayının aşağı axarında səviyyənin aşağı düşərək çaya dəniz suyunun qarışması məhz yağıntının azalması ilə əlaqədardır: “Respublikanın çaylarında, o cümlədən su ehtiyatlarının formalaşmasında dağlıq ərazilərdə toplanan qar ehtiyatları çox böyük rol oynayır. Əsasən Böyük Qafqazın və Kiçik Qafqazın dağlıq ərazilərində xüsusən də dekabr, yanvar və fevral aylarında yağan qar gursululuq dövründə çayların sululuğında mühüm əhəmiyyət kəsb edir. Yanvar və fevral ayları ölkəmizdə ən soyuq dövr sayılır. Həmin dövrdə dağlıq ərazilərdə yağan qar gursululuq dövründə çayların sululuğunda böyük rol oynayacaq”.
A.Verdiyev bildirib ki, bununla yanaşı, Azərbaycanın dağlarında yığılan qar və buzun miqdarının da çayların gursululuğuna təsiri var. Nəzəri cəhətdən qonşu ölkələrlə müqayisədə Azərbaycanın bu məsələdə bəxti gətirməyib. Məsələn, Böyük Qafqaz dağlarının Qara dəniz sahillərinə yaxın istiqamətində - Abxaziyada qar dəniz səviyyəsindən 2 min 800 metr yüksəklikdə ərimədən qalır. Hidroloqlar həmin hündürlüyə “qar xətti“ deyirlər. “Qar xətti”ndən yuxarıda yaranan buzlaqlar ilboyu çayların sululuğunu təmin edirlər.
Böyük Qafqaz dağlarının Azərbaycan hissəsində isə “qar xətti” 3 min 900 metrdədir. Bu isə ölkədə buzlaq sahəsinin Gürcüstanla müqayisədə nisbətən az olmasına səbəb olur. Azərbaycan buzlaqlarının ümumi sahəsi 20 kvadratkilometrə yaxındır. Ölkənin ən böyük buzlağı dəniz səviyyəsindən 4 min 466 metr yüksəklikdə yerləşən Bazardüzü zirvəsindədir, sahəsi 3,62 kvadratkilometrdir. Daha sonra 4 min 243 metr yüksəklikdə yerləşən Şahdağ zirvəsindəki buzlaq gəlir və onun sahəsi 1,08 kvadratkilometrdir. Üçüncüsü isə dəniz səviyyəsindən hündürlüyü 4 min 126 metr olan Bazaryurd buzlağıdır və onun sahəsi 1 kvadratkilometrdir. Sahələri kiçik olsa da, buzlaqlar Azərbaycanın yerli çaylarının qidalanmasında mühüm rol oynayırlar və onların su rejiminə ciddi təsir edirlər. Buna görə də onların öyrənilməsinə hələ 1930-cu illərdən başlanılıb və mütəmadi ekspedisiyalar təşkil edilib. Son ekspedisiya ötən əsrin 70-ci illərində olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin mütəxəssisləri tərəfindən 2015-ci ildə həmin ekspedisiyalar yenidən bərpa edilib. İlk səfər dəniz səviyyəsindən 4 min 191 metr hündürlükdə yerləşən Tufandağ buzlağına edilib. 2015-ci il avqustun 13-15-də dəniz səviyyəsindən 3 min 755 metr yüksəklikdə aparılmış araşdırmalar zamanı buzlağın sahəsi 1970-ci illərlə müqayisədə azalıb. Üzərində çatlar yaranıb və buzlaq dili 10-13 metr geri çəkilib. Buzlaqların sahəsinin qorunmasına hər il yağan qarın da təsiri olur. Buna görə də ETSN tərəfindən hər qış yağan qarın monitorinqi aparılır.
“Dağlıq ərazilərdə toplanan qar ehtiyatlarının müəyyən edilməsi üçün hər ilin mart ayının birinci yarısında Böyük və Kiçik Qafqazın, o cümlədən Qarabağ və Şərqi Zəngəzur zonasının, Naxçıvan Muxtar Respublikasının dağlıq ərazilərində 31 marşrut üzrə qarölçmə işləri aparılır. Onun nəticələri əldə edilib təhlil və hesablamalar aparılandan sonra martın sonunda gursululuq dövründə proqnoz hazırlanaraq müvafiq qurumlara təqdim edilir”,- deyə Asif Verdiyev bildirib.
Mütəxəssislərin ortaya çıxardığı azalma dinamikası Azərbaycanda suyun istehlakı ilə bağlı daha qənaətcil rejimə keçməyə vadar edir. Statıstikaya görə, 2022-ci ildə Azərbaycanda su istehlakı 10,5 milyard ton təşkil edib. Həmin suyun təxminən 7, 5 milyard tonu kənd təsərrüfatında istehlak edilib, 3 milyard tona yaxın su isə əhalinin və sənayenin ehtiyaclarına sərf olunub. Araşdırmalar göstərir ki, Azərbaycan kənd təsərrüfatında istehlak edilən su dörd dəfədən çox azalda bilər. Məsələn, suların 40 faizi ilə, təxminən 3 milyard ton su torpaq kanallarında itir, yəni sahələrə yalnız 4,5 milyard ton su çatır. Amma sahələrin əksəriyyəti selləmə üsulu ilə suvarılır və bu zaman su itkisi 60 faizdən çox olur. Yəni həmin sahələri 1,8 milyard ton su ilə də suvarmaq olar. Aqrar sektorun su istehlakını həmin səviyyəyə endirmək üçün böyük işlər görülməli, sahəyə iri sərmayələr yatırmalı və innovativ suvarma texnologiyalar cəlb edilməlidir. Bu, qarşıdan gələn illərin əsas trendinə çevrilməlidir. Əks halda azalan su ehtiyatları ilə artan əhalinin tələbatını ödəmək çətin olacaq.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...