22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Şotlandiya universitetləri COP29-da iqlim dəyişikliyini müzakirə edib

16-11-2024
IMG

COP29 çərçivəsində “Beyond Net Zero – Scotland at COP29” adlı xüsusi tədbir təşkil olunub.

Fhnews.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “British Council” və “Scotland Beyond Net Zero” koalisiyası tərəfindən təşkil edilən tədbirdə Şotlandiya universitetlərinin iqlim araşdırmaları və liderliyi, eləcə də qlobal davamlılıq təşəbbüsləri müzakirə olunub.

İştirakçılar tanınmış akademiklər və Şotlandiya universitetlərinin məzunları ilə şəbəkələşmək imkanı əldə ediblər. Təqdimatlarda iqlim tədqiqatları, maliyyə, davamlı təhsil və məzunların bu sahədəki töhfələri kimi mövzulara toxunulub.

Tədbirdə iştirak edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld COP29-un ilk həftəsində həyata keçirilmiş təşəbbüslərdən məmnunluğunu ifadə edib. Səfir Britaniya Baş naziri Kir Starmerin və daha 7 britaniyalı nazirin sammitdə fəal iştirakından bəhs edərək, bunun ölkəsinin iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi əhəmiyyətin göstəricisi olduğunu vurğulayıb. O, Britaniyanın missiyasının "indi və gələcək nəsillər üçün hər kəsin yaşaya biləcəyi bir planet yaratmaq" olduğunu qeyd edib.

Tədbirdə Edinburq Universitetinin iqlim dəyişikliyi maliyyəsi üzrə professoru, İş, İqlim Dəyişikliyi və Davamlılıq Mərkəzinin direktoru Prof. Luka Taschini, eləcə də həmin universitetin açıq hava ətraf mühit və davamlılıq təhsili üzrə professoru və Şotlandiya Hökumətinin “NatureScot agentliyinin” elmi məsləhət komitəsinin sədri professor Piter Hiqqins çıxış ediblər. Bununla yanaşı, Dundee Universitetinin enerji, ətraf mühit və cəmiyyət sahəsində postdoktoral tədqiqatçısı və bilik mübadiləsi mütəxəssisi Dr. Nandan Mukherjee və Böyük Britaniya universitetindən məzun olan Firuzə Nəsibzadə də tədbir iştirakçıları ilə öz təcrübələrini bölüşüblər.

Tədbir 45 dəqiqəlik şəbəkələşmə qəbulundan sonra yekunlaşıb. Qeyd edək ki, “Scotland Beyond Net Zero” Şotlandiya universitetlərinin iqlim dəyişikliyi ilə bağlı araşdırma və liderlik üzərində birgə işləyən koalisiyasıdır.

Paylaş: