22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Sosial işçilər üçün UNICEF ilə əməkdaşlıq çərçivəsində təlimlər keçirilir
 

18-07-2024
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə UNICEF-in əməkdaşlığı çərçivəsində Türkiyədən dəvət edilən təlimçi, Ankara Universitetinin professoru Elif Gökçearslanın Agentliyin regional filiallarında çalışan sosial işçilər üçün “Sosial işdə keys menecment” və Agentlik Aparatının müvafiq departamentlərinin əməkdaşları üçün “Sosial işdə superviziya” mövzularını əhatə edən təlimləri başlayıb.

Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov türkiyəli mütəxəssislə görüşdə qurumun fəaliyyət istiqamətləri, valideyn himayəsindən məhrum olmuş uşaqlarla və həssas əhali qruplarından olan şəxslərlə işlər barədə məlumat verib.

Fhnews.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, görüşdə bu sahədə elektron infrastruktur qurularaq yeni müasir idarəetmə mexanizmi yaradıldığı, prosesin əlçatanlıq, operativlik və şəffaflığının təmin olunduğu bildirilib.

Təlimçi Agentliyin valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş və həssas əhali qruplarından olan şəxslərlə iş sahəsində fəaliyyətini həyata keçirən əməkdaşlarına müraciətlərin qiymətləndirilməsi, şəxsin ən ümdə maraqlarına cavab verən qərarların qəbul edilməsi və keys menecment alətlərinin tətbiqi üzrə məsləhət/superviziyanın təşkili, eləcə də reinteqrasiya/gatekeeping üzrə keys-menecment alətlərinin praktikada tətbiqi məsələlərindən danışıb.

Həmçinin türkiyəli mütəxəssis iştirakçılara himayədar ailə modelinin əhəmiyyəti, bu sahədə nümunələr, xidmətin həyata keçirilməsinin əsasları, himayədar ailə qayğısı ilə bağlı biliklərin öyrədilməsi və inkişaf etdirilməsi metodları haqqında məlumat verib.

Beş gün davam edəcək ilkin təlimlər zamanı iştirakçılara müvafiq sahə ilə bağlı qabaqcıl dünya təcrübəsi təqdim olunacaq.

Qeyd edək ki, ümumilikdə 4 mərhələdən ibarət olan təlimlər növbəti aylarda da keçiriləcək.

Paylaş: