22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Son günlərdə dünyada 5 milyard insan həddindən artıq istilərdən əziyyət çəkib

29-06-2024
IMG

İqlim dəyişikliyinin yaratdığı isti hava dalğası iyun ayında dünyanın müxtəlif yerlərində təxminən 5 milyard insana təsir edib.Beynəlxalq tədqiqat təşkilatı “Climate Central” alimlərinin atribusiya təhlilinə əsasən, dünya əhalisinin 60 faizindən çoxu bu ayın ortalarına qədər iqlim dəyişikliyi nəticəsində  həddindən artıq istilərlə üzləşib.

Neft, qaz və kömürün yandırılması nəticəsində yaranan tullantıların yaratdığı iqlim dəyişikliyi səbəbindən 16-24 iyun tarixləri arasında Hindistanda 619 milyon, Çində isə 579 milyon insan isti hava dalğasından təsirlənib. 

Ümumilikdə İndoneziyada 231, Nigeriyada 206,  Braziliyada 176, Banqladeşdə 171 və ABŞ-da 165 milyon insan həddindən artıq isti havadan təsirlənib. Avropada 152 milyon, Meksikada 123, Efiopiyada 121  və  Misirdə 103 milyon insan anormal istilərə məruz qalıb.

Temperaturun 50 dərəcəni keçdiyi Səudiyyə Ərəbistanında həcc ziyarəti zamanı ən azı 1300 nəfər istilərlərdən dünyasını dəyişib.

Həddindən artıq temperatur elektrik enerjisinə tələbatın artmasına səbəb olur. Çində 50 dərəcəyə çatan həddindən artıq temperaturdan sonra Vuhan şəhəri kondisionerdən istifadə nəticəsində yaranan əlavə elektrik tələbatının öhdəsindən gəlmək üçün yollar axtarıb.

Həddindən artıq istilər Misirdə elektrik enerjisinə tələbatın artması səbəbindən elektrik enerjisinin müvəqqəti və planlı kəsilməsinə səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının iqlim elmləri orqanı olan IPCC-nin məlumatına görə, insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə səbəbindən hər 50 ildən bir baş verən həddindən artıq isti hava dalğaları indi demək olar ki, 5 dəfə çoxalıb.

Paylaş: