22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Səhiyyə naziri Uşaqların VI Ümumrespublika Forumunun iştirakçıları ilə görüşüb

17-10-2024
IMG

Səhiyyə Nazirliyində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarının bir qrupu ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə səhiyyə naziri Teymur Musayev uşaqların hüquqlarının qorunması və müdafiəsinin Azərbaycan dövlətinin prioritetləri sırasında olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyev uşaqların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərir. Dövlətimizin başçısının Sərəncamı ilə 2009-cu il Azərbaycanda “Uşaq ili” elan edilib.

Tədbirin mahiyyətini vurğulayan T.Musayev deyib: “2009-cu ildən etibarən hər üç ildən bir Azərbaycan Uşaqlarının Ümumrespublika Forumu keçirilir. Forum uşaqların sosial fəallığının artırılması və dövlət siyasətinin həyata keçirilməsində onların iştirakının təmin edilməsi, habelə dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla da forum uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaradır”.

Səhiyyə naziri forumun uşaqların həyatında əhəmiyyətli hadisə kimi qalacağına, eyni zamanda, onların gələcək inkişafında mühüm olacağına əminliyini bildirərək əlavə edib: “Azərbaycanın qəhrəman övladları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazıblar. Şəhidlərimizin qanı, eyni zamanda, əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi böyük fədakarlığı hesabına 30 illik həsrətə son qoyulub”.

Uşaqlar dövlətin onlara olan qayğısını hər zaman hiss etdiklərini deyiblər. Həmçinin 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar müxtəlif tədbirlərdə fəal iştirak etdiklərini, bunun isə öz növbəsində onlarda bu mövzuya maraq doğurduğunu bildiriblər.

Forumun mövzusuna toxunan qonaqlar qeyd ediblər ki, tədbirdə paytaxtdan və bölgələrdən 300-dən çox, həmçinin qardaş Türkiyədən 10 uşaq iştirak edəcək. Çıxışçılar tədbirin unikal qabiliyyətə və analitik təfəkkürə malik uşaqların seçilməsi üçün yaxşı imkan olduğunu vurğulayıblar.

Sonra nazir T.Musayev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Forum iştirakçılarına Səhiyyə Nazirliyi tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Sonda qonaqlar Səhiyyə Tarixi Muzeyi ilə tanış olublar.

Paylaş: