22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Sabah səhər saatlarından yağış tədricən kəsiləcək

26-10-2024
IMG

Hazırda Bakıda və Abşeron yarımadasında yağış yağır və küləkli hava şəraiti müşahidə olunur, mülayim şimal-qərb küləyi əsir. Axşam və gecə yarımadanın bəzi yerlərində yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Oktyabrın 27-də səhər saatlarından yağış tədricən kəsiləcək.

Fhnews.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

“Narıncı xəbərdarlığa uyğun olaraq, oktyabrın 26-da axşama doğru şimal-qərb küləyinin arabir saniyədə 20.8-28.4 metrədək güclənəcəyi gözlənilir. Oktyabrın 27-si səhər saatlarından şimal-qərb küləyi mülayimləşəcək”, - deyə o əlavə edib

G.Abbasova hazırda şimal-qərb rayonlarından başlayaraq Qəbələ, Şabran, Quba, Şəki, Xaçmaz, Qusar, Oğuz, Qax, Daşkəsən, Balakən və Zaqatalada arabir yağıntılı hava şəraitinin müşahidə olunduğunu, Şahdağda isə qar yağdığını qeyd edib.

Diqqətə çatdırılıb ki, bölgələrdə yağıntılı hava şəraitinin oktyabrın 27-si günün ikinci yarısınadək davam edəcəyi, xüsusən də Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gözlənilən leysan xarakterli yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

“Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, əlverişsiz hava şəraitində ehtiyatlı olsunlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər və xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirsinlər”, - məlumatda bildirilib.

Paylaş: