Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin, müxtəlif tərəfdaş qurumların dəstəyi ilə 17 mart 2024-cü il tarixində Yasamal rayonu, Hüseyn Cavid parkında “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Festival vətəndaşlar tərəfindən maraqla qarşılanıb və ümumi tutumu 403 litr olan plastik, 343 litr şüşə tullantı, 373 ədəd işlənmiş batareya vətəndaşlar tərəfindən təhvil verilib.
Bayram əhval-ruhiyyəsində keçirilən festivalda uşaqlar üçün maraqlı viktorinalar təşkil edilib, müxtəlif müsabiqələr keçirilib.
Tullantı təhvil verərək təbiətə töhfə verən vətəndaşlara müxtəlif növ ağac tingləri, ekoçantalar, milli parklara giriş biletləri, ətraf mühitin mühafizəsi ilə bağlı dərsdənkənar vəsaitlər və məktəb ləvazimatları təqdim edilib.
Qeyd edək ki, Qlobal Təkrar Emal Günü təkrar emalın əhəmiyyəti haqqında məlumatlılığı artırmaq məqsədilə 2018-ci ildən etibarən hər il mart ayının 18-də qeyd olunur.
“Yaşıl dünya naminə həmrəylik ili”ndə hər kəsi ətraf mühitin mühafizəsinə xüsusi diqqət göstərməyə, yaşıllıqların bərpasına və artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönələn fəaliyyətləri ilə iqlim dəyişikliyi ilə mübarizəyə daha çox töhfə verməyə çağırırıq.