Qlobal su böhranı qarşıdakı 25 ildə dünya ərzaq istehsalının yarısını təhlükə altında qoyacaq
Qlobal ərzaq istehsalının yarıdan çoxu növbəti 25 il ərzində sıradan çıxma riski altındadır.
Fhnews.az “The Guardian” nəşrinə istinadla xəbər verir ki, bu barədə Su Ehtiyatlarının İqtisadiyyatı üzrə Qlobal Komissiyanın hesabatında deyilir. Qeyd edilir ki, su ehtiyatlarının qorunması və şirin suyun asılı olduğu ekosistemlərin məhvinin dayandırılması üçün təcili tədbirlər görülməzsə, qlobal ərzaq istehsalı sürətlə artan su böhranı ilə təhdid ediləcək.
Hesabatda deyilir ki, dünyanın su sistemləri görünməmiş gərginlik altında qaldığından, onilliyin sonuna qədər şirin suya tələbat tədarükü 40 faiz üstələyəcək.
Komissiya müəyyən edib ki, hökumətlər və ekspertlər insanların layiqli həyat sürməsi üçün lazım olan su miqdarını əhəmiyyətli dərəcədə aşağı qiymətləndirib. Sağlamlıq və gigiyena üçün hər bir insanın gündə 50-100 litr suya ehtiyacı olduğu halda, insanların adekvat qidalanması və layiqli yaşaması üçün əslində hər gün təxminən 4 min litr su lazımdır. Əksər regionlar üçün bu həcmə yerli səviyyədə nail olmaq mümkün deyil, ona görə də insanların ehtiyaclarının ödənilməsi ərzaq, geyim və istehlak mallarının ticarətindən asılıdır.
İqlimə təsirin tədqiqi üzrə Potsdam İnstitutunun direktoru və komissiyanın həmsədrlərindən biri, professor Yohan Rokströmün sözlərinə görə, su mənbələri həm də iqlim böhranının, hazırda yaşadığımız ətraf mühit dəyişikliklərinin ən başlıca qurbanıdır və hazırda yer sistemlərinin bütün sabitliyi risk altındadır. İqlim böhranı özünü, ilk növbədə, quraqlıq və daşqınlarda göstərir.
Sinqapur Prezidenti və komissiyanın həmsədri Tarman Şanmuqaratnam ölkələri çox gec olmadan suyun idarə olunması sahəsində əməkdaşlığa başlamağa çağırır. O qeyd edib: “Biz şirin su mənbələrinin qorunması, ondan daha səmərəli istifadə və hər bir cəmiyyətin, o cümlədən həssas insanların şirin suya çıxışının təmin edilməsi barədə dərindən düşünməliyik. Başqa sözlə, müəyyən etməliyik ki, varlılar və kasıblar arasında bərabərliyi necə qoruyub saxlayacağıq”.
Qlobal temperaturun hər dəfə 1 dərəcə Selsi artması atmosferə daha 7 faiz rütubət əlavə edir ki, bu da hidroloji siklin normal dəyişikliklər zamanı baş verə biləcəyindən daha çox artmasına səbəb olur. Təbiətin məhv edilməsi bu böhranı daha da gücləndirir, çünki meşələrin qırılması və bataqlıqların qurudulması hidroloji sikli pozur, bu da ağaclardan rütubətin buxarlanmasından və torpaqlarda suyun saxlanmasından asılıdır.
Su İqtisadiyyatı üzrə Qlobal Komissiya 2022-ci ildə Hollandiya tərəfindən qlobal hidroloji sistemlərin vəziyyətinə və onların necə idarə oluna biləcəyinə dair hərtərəfli proqramı hazırlamaq üçün onlarla aparıcı alim və iqtisadçının fəaliyyəti əsasında yaradılıb. Onun 194 səhifəlik hesabatı su böhranının bütün aspektlərini araşdıran və siyasətçilər üçün alətlər təklif edən ən böyük qlobal tədqiqatdır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...