22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qlobal miqyasda 70 min kilometr uzunluğunda müxtəlif qaz kəmərləri inşa edilir

08-01-2024

Dünyanın müxtəlif ərazilərində təxminən 194 milyard dollar dəyərində və 70 min kilometr uzunluğunda təbii qaz kəmərləri inşa edilir.

Fhnews.az xarici KİV-ə istinadla xəbər verir ki, San-Fransiskoda yerləşən “Global Energy Monitor” (GEM) analitik mərkəzi tərəfindən hazırlanan "Qlobal qaz kəmərinin genişləndirilməsi" hesabatına əsasən, davam edən təbii qaz kəmərlərinin inşasının böyük hissəsi Asiyaya məxsusdur.

GEM-in məlumatına görə, tikilməkdə olan təbii qaz kəmərlərinin 83 faizi Asiyadadır və onların ümumi dəyəri 117,2 milyard dollardır. Belə ki, bu qitədəki iki nəhəng ölkə - Çin və Hindistan kömürdən təbii qaza keçməyə çalışır və daha geniş əlaqələrə malikdirlər. Pakistan da təbii qaz idxalı imkanlarını artırmağa diqqət yetirdiyi üçün boru kəmərlərinin inşasını davam etdirir.

Hesabatda qeyd olunub ki, hazırda inşa işlərinin davam etdiyi boru kəmərlərinin uzunluğu 2023-cü ilin sonunda əvvəlki ilə nisbətən 18 faiz artıb. Asiyada onların uzunluğu 57,6 min kilometr, Avropada 5,600 kilometr, Amerikada 4,700 kilometr və Afrikada 1,800 kilometrdir. Bu sahədə 10 ən böyük layihə Çin, Hindistan, İran, Rusiya, Pakistan, ABŞ, Nigeriya, İtaliya, Argentina və Kanadada həyata keçirilir. Çində 150 layihə üzrə 30 min 300 kilometr uzunluğunda boru kəməri inşa edilir. Sintszyan kəmərindən əlavə, ölkədə Çaohu-Jiangbei və Hefei Lubei-Çizhou Maya təbii qaz kəmərləri tikilir.

Rusiyada 8,2 milyard dollar dəyərində 2900 kilometr uzunluğunda boru kəməri inşa edilir. Dövlətə məxsus “Qazprom”un rəhbərlik etdiyi genişlənmə daha yaxşı əlaqəli daxili ötürmə, həmçinin boru kəməri və quruda LNG terminalının ixrac qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilir. Moskvanın Asiya bazarına diqqət yetirməsi də layihələrin sürətləndirilməsi amili kimi qiymətləndirilir.

İran təxminən 18 milyard dollar dəyərində 5 min kilometr uzunluğunda boru kəməri inşa edir və 1200 kilometrlik IGAT 11 təbii qaz kəmərinin 2026-cı ildə başa çatdırılması gözlənilir.

İranın qonşusu Pakistan qaz idxalı üçün 3,7 milyard dollar dəyərində təxminən 1800 kilometrlik boru kəməri inşa edir. Məlumata görə, İrandan qaz idxalı üçün nəzərdə tutulan İran-Pakistan boru xətti 10 il gecikib. Onun İran hissəsi tamamlanıb, lakin 2014-cü ildə ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsindən sonra Pakistan tikintini dayandırıb.

Qlobal miqyasda layihə mərhələsində təklif olunan boru kəmərlərinin uzunluğu isə 159 min kilometrdir.

Paylaş: