Qlaukomanın müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
Qlaukoma - el arasında “qara su” kimi tanınan, gözün daxili təzyiqinin artması nəticəsində görmə itiliyinin zəifləməsi ilə müşahidə olunan xronikləşmiş oftalmoloji xəstəlikdir. İcbari tibbi sığortanın xidmətlər zərfinə qlaukoma xəstəliyinin diaqnostikası üçün tonometriya, göz dibinin müayinəsi, kompüter perimetriyası, optik diskin OCT (Optik Koherent Tomoqrafiya) müayinəsi, qonioskopiya kimi müayinə metodları daxildir.
Fhnews.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, xəstəliyin başlanğıcında pasiyentlər bəzən göz önündə dumanlanma, gözlərdə gərginlik, təzyiq çox yüksələrsə gözdə qızartı və ağrı hissindən şikayət edirlər. Görmə itiliyi tədricən azaldığı üçün vaxtında həkimə müraciət edilmir. Qlaukomanın obyektiv simptomları gözdaxili təzyiqin artması, görmə sahəsinin daralması və son mərhələlərdə görmə sinirinin qidalanmasının pozulmasıdır (atrofiya). Görmə sinirinin atrofiyası geridönməz prosesdir və görmə itiliyinin itməsinə səbəb olur. Buna görə də qlaukomanın erkən mərhələdə aşkarlanması xəstəliyin proqnozunda müsbət rol oynayır.
İlkin mərhələdə xəstəliyin müalicəsində hipotenziv (göz təzyiqini azaldan) damcılardan istifadə olunur. Proqressiv gedən xəstəlik zamanı isə operativ yollara da müraciət olunur.
Qlaukoma xəstəliyinin stasionar terapevtik müalicəsi və göz təzyiqinin azalmasına yönəlik (antiqlaukomatoz) əməliyyatlar da icbari tibbi sığorta tərəfindən qarşılanır.
Qlaukoma ilə əlaqədar müayinə metodları və əməliyyatlardan istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir. Müayinələrin dövlət tibb müəssisələrində aparılması mümkün olmadıqda vətəndaşa xidmətdən yararlanması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan özəl tibb müəssisələrinə göndəriş vərəqəsi verilir.
Qeyd edək ki, qlaukoma korluğa səbəb olduğu üçün bu xəstəliyə diqqəti cəlb etmək məqsədilə martın 10-dan 16-dək dünyada “Beynəlxalq Qlaukoma Həftəsi” kimi qeyd olunur.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...