22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qırmızı dənizin blokadası inflyasiyanın artmasına gətirib çıxara bilər

16-01-2024

Qlobal tədarük zəncirində ciddi fasilələr yaranıb. Yəməndə üsyançı husilərin ticarət gəmilərinə hücumları ona gətirib çıxarıb ki, bir çox iri şirkətlər Qırmızı dəniz vasitəsilə həyati vacib ticarət marşrutundan imtina edirlər. Bu, aparıcı iqtisadçıların fikrincə, inflyasiyanın artımına gətirib çıxaracaq.

Fhnews.az xarici KİV-lərə istinadla xəbər verir ki, üsyançı husilər 2023-cü ilin sonlarında raket və PUA-ların köməyi ilə ticarət gəmilərinə hücum etməyə başlayandan sonra ABŞ və Böyük Britaniya bu məsələyə qarışmalı olublar: ötən həftə husilərə hərbi zərbələr endirilib.

Kembricdəki Kvins kollecin prezidenti və Almaniyanın “Allianz” maliyyə xidmətləri nəhənginin baş iqtisadi müşaviri doktor Məhəmməd Əl-Erianın fikrincə, tədarüklərdə fasilələr COVID-19 pandemiyası dövründəki kimi o qədər ciddi olmasa da, Süveyş kanalında böhran qiymət artımına səbəb olacaq və iqtisadi inkişafa mənfi təsir göstərəcək.

Qırmızı dəniz, Babül-Məndəb boğazı və Süveyş kanalı vasitəsilə dünya ticarətinin təxminən 12-15 faizi həyata keçirilir. Lakin hazırda iri gəmiçilik şirkətləri digər istiqamətlərdən, əsasən Afrikada “Ümid” burnu boyunca marşrutdan istifadə edirlər. Bu isə Cənub-Şərqi Asiya ilə Şimali Avropa arasında yüklərin daşınma müddətini 12 gün artıra bilər.

Almaniyanın “Hapag-Lloyd” beynəlxalq gəmiçilik şirkətinin məlumatına görə, Sinqapur və Şərqi Aralıq dənizi arasında istiqamət götürən gəmilər üçün ləngimə 18 gün təşkil edə bilər. Dekabrın 21-də Qırmızı dəniz vasitəsilə öz gəmilərinin hərəkətini dayandıran “Hapag-Lloyd” şirkəti bəyan edib ki, “Ümid” burnu ətrafından keçən gəmilərin marşrutunun dəyişdirilməsinin dəyəri yanacağa əlavə xərclər səbəbindən milyonlarla dollara başa gəlir.

Proqnozlara görə, malların qlobal tədarükü Çində fevralın 10-da Çin Yeni ili ilə əlaqədar zavodlar bağlandıqda daha böyük fasilələrlə qarşılaşa bilər.

“S&P Global Market Intelligence” analitika şirkətinin məlumatına görə, Avropa, Yaxın Şərq və Şimali Afrikaya idxal olunan məhsulların təxminən 15 faizi Asiya və Fars körfəzindən dəniz yolu ilə gətirilir, bu həcmin 21,5 faizini emal edilmiş neft və 13 faizdən çoxunu xam neft təşkil edir.

Qırmızı dəniz mayeləşdirilmiş təbii qaz tədarükündə də mühüm marşrutdur. Bazar ertəsi məlumat yayılıb ki, mayeləşdirilmiş təbii qaz iri ixracatçısı olan “QatarEnergy” Babül-Məndəb boğazı vasitəsilə gəmilərin göndərilməsini dayandırıb. “Bloomberg” ötən cümə günündən bəri 5 gəminin dayandırıldığını bildirib.

Britaniyanın aparıcı qəzeti olan “Financial Times” artıq husi blokadasını “dünya ticarətinin ən böyük yenidən bölünməsi” adlandırıb.

Paylaş: