Qazaxıstanda V Dünya Köçəri Oyunları davam edir
Qazaxıstanda V Dünya Köçəri Oyunları müvəffəqiyyətlə davam edir.
Fhnews.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən festivalın proqramı çox zəngindir. Dünyanın 89 ölkəsindən 3000-ə yaxın iştirakçının qatıldığı Dünya Köçəri Oyunlarında təkcə idman yarışları deyil, eyni zamanda, dünyanın 5 qitəsindən gələn sənətkarlar, idmançılar, mədəniyyət və incəsənət xadimləri də öz bilik və bacarıqlarını, məharətlərini nümayiş etdirirlər.
V Dünya Köçəri Oyunlarına, həmçinin Türk dünyasının tarixini araşdıran alimlər və araşdırmaçılar da qatılıblar. V Dünya Köçəri Oyunları tədbirləri çərçivəsində keçirilən “Köçərilər: tarix, bilgi və dərslər” adlı beynəlxalq elmi konfrans sentyabrın 11-ə qədər davam edəcək. Beynəlxalq elmi konfransda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belarus, Çin, Böyük Britaniya, Cənubi Koreya, ABŞ və Fransadan 75 alim və mütəxəssis iştirak edir.
Sentyabrın 10-da Qazaxıstan Respublikasının Milli Muzeyində “Köçərilər: tarix, bilgi və dərslər” adlı beynəlxalq elmi praktik konfrans da öz işinə başlayıb. Konfransda “Tarix və mədəniyyət”, “Türklərin ümumi irsi”, “Mərkəzi Asiya köçərilərinin qidaları”, “Ənənəvi köçəri musiqiləri”, “Böyük Çölün qadınları” və digər maraqlı mövzular ətrafında mühazirələr dinlənilir.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova öz çıxışında rəhbərlik etdiyi Fondun tərkibinə daxil olan üzv ölkələrin ümumi türk tarixinə verdiyi töhfələrdən danışıb. O, eyni zamanda, baş ofisin yerləşdiyi Bakının da bu ümumi mədəniyyətə, birliyə gətirdiyi yeniliklər və gələcəkdə ümumi türk mədəniyyətinin daha da inkişaf etməsi üçün birlikdə görəcəkləri işlər barədə öz fikirlərini bölüşüb. ABŞ-dan gələn 3D İnstitunun direktoru Mark Hall Mərkəzi Asiyadakı köçəri xalqların mədəniyyətinin, Amerikada yaşayan çoxsaylı xalqların mədəniyyətinə oxşar olduğunu, çöl mədəniyyətinə sahib insanların azadlıq ruhunun bir-birinə yaxınlığını söyləyib.
Beynəlxalq elmi konfransda iştirak edən Türk dünyasının tanınmış ziyalısı, Azərbaycanın qocaman diplomatı, tarix elmləri doktoru Həsən Həsənov “Qədim Azərbaycanın dövlət quruluşu modeli Türk sivilizasiyasının əsasıdır” adlı elmi çıxışında Oğuz yurdu Azərbaycanda bərqərar olan ilk dövlət quruluşundan, Oğuz xanın 6 oğlunun yaratdığı dövlətçilik modelindən, eləcə də tarixi və insanları yanıltmaq üçün, türk tarixinə zərbə və ləkə vurmaq istəyənlərin əli ilə ən qədim mədəniyyət və dövlətçilik ənənələri yaradan quzların, sonradan oğuz, ağuz adlandırılan xanlıqların adlarının düşmən qələmi ilə dəyişdirilərək “skif” kimi yazılmasını da türk tarixinə vurulan ləkə kimi qiymətləndirib.
Qazaxıstanda təşkil olunan Köçəri Oyunlarının əhəmiyyətini qeyd edən alimlər belə oyunların və bayramların keçirilməsinin bütün insanlığa, bəşəriyyətə yeni sevgilər və həyat eşqi ötürməyin bir yolu olduğunu bildiriblər.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...