Qazaxıstanda 3 min illik qızıl əsərlər sərgilənir
Qazaxıstanın şərqindəki Altay dağları bölgəsində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılan Saka dövrünə aid təxminən 3 min illik qızıl əşyalar paytaxt Astanada sərgilənir.
Astanada Qazaxıstan Milli Muzeyində “Ulu Dala Qızılı (Böyük Çöl Qızılı)” mövzusunda sərgi ziyarətçilərin ixtiyarına verilib.Sərgidə Altay dağları bölgəsində aparılan arxeoloji qazıntılar nəticəsində üzə çıxarılan, əksəriyyəti Saka (İskitlər) və Qərbi Göktürk Xaqanlığı dövrünə aid olan 2500-ə yaxın tarixi əsər yer alır.
Təxminən 3 min il əvvəl saklar dövründə yaşamış sənətkarların qızıldan hazırladıqları əsərlər naxışları və mirvari tikmələri ilə göz qamaşdırır.
Məşhur qazax arxeoloqu professor Zeynolla Samaşev sərgidəki əsərlərin ən qədiminin 3 min il, ən yenisinin isə 1000 il əvvəl xalis qızıldan hazırlandığını bildirib və əlavə edib ki, əsərlər qızıl istehsalının və texnikasının bu torpaqlarda ən yüksək səviyyəyə çatdığını göstərir.
Arxeoloq Samaşev sərgidə Qərbi Türk Xaqanlığı dövrünə aid türbədə apardığı qazıntılar nəticəsində üzə çıxardığı xaqana aid olduğu düşünülən qızıl əşyaları da görmək mümkün olduğunu bildirib.
Qazaxıstan hökumətinin 2016-cı ildən etibarən Şərqi Qazaxıstanda hərtərəfli qazıntılara başladığını bildirən Samaşev deyib ki, 8 ildə aparılan qazıntılar nəticəsində muzeylər 28 min qiymətsiz əsər əldə edib.
Sərgi oktyabrın 20-dək davam edəcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...