22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qazaxıstan V Dünya Köçəri Oyunlarına ev sahibliyi edəcək

20-07-2024
IMG

8-13 sentyabr tarixləri arasında Qazaxıstanda Mərkəzi Asiyanın köçəri xalqlarının ənənələrinə əsaslanan etnik idman növlərini nümayiş etdirən V Ümumdünya Köçəri Oyunları keçiriləcək. 

Astanada keçiriləcək tədbir etnosport və etnomədəni hərəkatların inkişafına təkan verəcək.Tədbirdə 100-ə yaxın ölkədən 2500-ə yaxın idmançının, 100 mindən çox yerli və xarici turistin iştirakı gözlənilir.

Qazaxıstanın Turizm və İdman Nazirliyi, UNESCO, Türk Dövlətləri Təşkilatı  və digər qurumların birgə təşkilatçılığı ilə keçiriləcək oyunlar “Ulu Dala Dubiri (Böyük Çölün görüşü)” şüarı ilə keçiriləcək.

At yarışı, milli güləş, ənənəvi intellektual oyunlar, döyüş sənətləri, ənənəvi oxatma, milli quş ovu və xalq oyunları kimi əsas idman növləri üzrə 21 sahədə keçiriləcək yarışlarda ümumilikdə 97 medal veriləcək.

Qeyd edək ki, Dünya Köçəri Oyunları bütün dünyada köçəri xalqların ənənəvi idman növlərini və mədəni irsini qeyd etmək məqsədilə keçirilir.İlk oyunlar 2014-cü ildə Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilib. Dünya Köçəri Oyunları bundan sonra hər 2 ildən bir keçirilən böyük tədbirə çevrilib.

2016 və 2018-ci illərdə Qırğızıstanın, 2022-ci ildə isə Türkiyənin ev sahibliyi etdiyi Köçəri Oyunlarında iştirakçıların sayı və oyunların əhəmiyyəti günü-gündən artır.

Qazaxıstan V Ümumdünya Köçəri Oyunlarına ev sahibliyi etməklə köçəri xalqların zəngin mədəni irsini qeyd etmək və qorumaq, onların mədəni kimliklərini inkişaf etdirmək və beynəlxalq əlaqələri gücləndirmək məqsədi daşıyır.

Oyunlar Qazaxıstan və bütün Mərkəzi Asiya üçün mühüm mədəni hadisədir və köçəri xalqların ənənəvi adət-ənənələrinin, idman və həyat tərzlərinin qorunub saxlanması üçün platforma rolunu oynayır.

Paylaş: