Qaraciyər toxumasını inkişaf etdirən qurğu hazırlanıb
ABŞ alimləri çəkisizlik şəraitində tam avtomatlaşdırılmış rejimdə qaraciyər toxumasını və digər mürəkkəb orqanları inkişaf etdirməyə imkan verən qurğu hazırlayıblar.
Fhnews.az TASS agentliyinə istinadla xəbər verir ki, bioreaktor 2025-ci ilin fevralında Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndəriləcək. San-Fransiskodakı Kaliforniya Universitetinin professoru Tammi Çanq bu kəşflə bağlı deyib: “Əvvəlki təcrübələrimiz göstərir ki, mikroqravitasiya Yer kürəsində tam hüquqlu qaraciyər toxumasının böyüməsinə mane olan məhdudiyyətləri və maneələri aşmağa imkan verir. Bu bioreaktorun yaradılması transplantasiya edilmiş qaraciyərə alternativ ola biləcək həyat qabiliyyətli bioimplantların əldə edilməsi istiqamətində mühüm addımdır”.
Alimlər uzun illərdir ki, yenidən proqramlaşdırılmış kök hüceyrələrdən bədən toxumalarının formalaşması ilə bağlı prosesləri tədqiq edirlər. Yer üzündə oxşar reaksiyaların baş verməsi üçün kök hüceyrələri bu orqanların miqrasiyasına kömək edən mürəkkəb yaşayış yerləri və zülal karkaslarına yerləşdirmək lazımdır. Son təcrübələr göstərir ki, çəkisizlik şəraitində belə toxumaların böyüməsi avtomatik baş verir ki, bu da orqanların bərpası prosesini xeyli asanlaşdırır. Bu mülahizələri rəhbər tutan alimlər kök hüceyrələrin artmasını dəstəkləyən və qaraciyər toxumasının, habelə bədənin digər orqanlarının böyüməsini stimullaşdıran tam avtomatlaşdırılmış bioreaktor hazırlayıblar. Onlar bu məqsədlə qurğuda insan qan damarlarının analoqları dəstini yaradıblar, həmçinin orqan toxumasının böyüməsi üçün əlverişli olan qida mühitini qoruyan bir sıra alqoritmlər kəşf ediblər.
2025-ci ilin əvvəlində dörd bioreaktordan ibarət komplekt BKS-ə göndəriləcək. Orada bu cihazların içərisində qanı toksinlərdən təmizləməyə və digər fizioloji funksiyaları yerinə yetirməyə qadir olan qaraciyərin miniatür versiyaları yetişdiriləcək. Əgər bu təcrübə uğurla başa çatarsa, alimlər süni qaraciyərin sonradan xəstələrin orqanizminə implantasiyası üçün Yerə çatdırılmasına imkan verən sistemlər, o cümlədən ixtisaslaşmış soyuducular hazırlamağa başlayacaqlar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...