22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qarabağ Universitetinin tələbələri ilk dəfə beynəlxalq proqramlaşdırma müsabiqəsində iştirak ediblər

01-11-2024
IMG

“49-cu ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin dörddəbir final mərhələsində bu il ilk dəfə Qarabağ Universitetinin tələbələrindən ibarət komanda iştirak edib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən  verilən məlumata görə, universitetdən 9 komanda olmaqla ümumilikdə 27 nəfər müsabiqəyə cəlb olunub. “49-cu ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi” İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə əməkdaşlığı, həmçinin Bakı Mühəndislik Universiteti və ADA Universitetinin təşkilatçılığı ilə baş tutub.

Müsabiqədə ölkənin 22 ali təhsil müəssisəsindən hər biri 3 tələbədən və 1 liderdən ibarət 51 komanda iştirak edib. Dörddəbir mərhələsində müvəffəqiyyət qazanan komandalar dekabrın 13-dən 15-dək Gürcüstanda keçiriləcək “49-cu ICPC - Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak hüququ əldə edəcək.

Xatırladaq ki, dörddəbir final mərhələsinə keçmək üçün oktyabr 13-də müsabiqənin təsnifat mərhələsi olub. Təsnifat mərhələsində 170 komanda iştirak edib.

ICPC dünyada tələbələr üçün nəzərdə tutulan ən nüfuzlu alqoritmik proqramlaşdırma müsabiqəsi kimi tanınır.

Paylaş: