Qanunvericiliyin tətbiqinə dair təklifləri toplamaq üçün onlayn platforma yaradılıb
Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) Praktikaya aid siqnallar Sorğusu (PASS) platformasını istifadəyə verib.
Fhnews.az xəbər verir ki, PASS platformasının məqsədi qanunların tətbiqində insan hüquqlarının təmin edilməsi, şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların ifşa olunması və qanunvericiliyin tətbiqi praktikasının təkmilləşdirilməsi proseslərinə töhfə verməkdir. Platforma hüquqşünaslara və sıravi vətəndaşlara praktikada bu və ya digər qanunun, yaxud aktın tətbiqi ilə bağlı boşluqlar və ya problemlər barədə vahid bir platforma üzərindən məlumat, təklif vermək imkanı yaradır.
Qanunvericilik sistemində 54 mindən yuxarı normativ hüquqi akt (o cümlədən 6000+ qanun, 8000+ Azərbaycan Respublikası Prezidentinin fərmanları), normativ xarakterli aktlar və qeyri-normativ hüquqi aktlar (o cümlədən 15000+ Azərbaycan Respublikası Prezidentinin sərəncamları və 3000+ Nazirlər Kabinetinin sərəncamları) mövcuddur. Lakin hüquqşünaslar və digər vətəndaşlar praktikada qanunların, yaxud digər hüquqi aktların tətbiqi ilə bağlı boşluqlar və ya problemlərlə rastlaşdıqda onların bu məqamlar barədə vahid bir mərkəzə təklif vermək imkanı yox idi.
Artıq istənilən şəxs qanunvericiliyin tətbiqi ilə əlaqədar rastlaşdığı problemi və təklifi “çat lövhə” formatında fəaliyyət göstərən PASS platformasında əks etdirə, digər şəxslər də buna dair öz qeydlərini əlavə edə biləcəklər.
Qeydlərin və təkliflərin göndərilməsi üçün xüsusi qeydiyyat tələb edilmir. Bu, şəxslərin seçimi ilə, həmçinin anonim olaraq da yüklənə bilər. Qeydlər və təkliflər rübdə 1 dəfə İnstitut tərəfindən ümumiləşdirilərək elmi baxımdan araşdırılacaq və aidiyyəti qurumlara xülasə formasında göndəriləcək.
PASS platforması “İctimai iştirakçılıq haqqında” Qanunla nəzərdə tutulan ictimai iştirakçılığın bir aləti olaraq “ictimai rəyin öyrənilməsi” funksiyasını yerinə yetirəcək. Eyni zamanda, hüquqşünaslar bu və ya digər məqamlara dair hüququn tətbiqi praktikasını izləmək, öz fəaliyyətlərini ona uyğunlaşdırmaq imkanı əldə edəcəklər.
PASS platforması ilə bu linkdən tanış olmaq mümkündür.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...