Qalaboynu-Naftalan yaşayış yerində arxeoloji tədqiqatlar uğurla davam edir
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev və Monitorinq qrupunun üzvü professor Hidayət Cəfərov və dosent Müzəffər Hüseynov Naftalan şəhəri yaxınlığında yerləşən çoxtəbəqəli Qalaboynu tarixi abidəsində aparılan çöl tədqiqatlarının gedişi ilə yerində tanış olublar.
Fhnews.az xəbər verir ki, bu barədə Akademiyadan məlumat verilib.
Bildirilib ki, Qalaboynu yaşayış yeri Naftalan şəhəri Qaşaltı kəndi ərazisində yerləşir. Abidənin yerləşdiyi təpənin hündürlüyü 10 metrdən, sahəsi 3 ha-dan artıqdır. Yaşayış yeri 2020-ci ildə Müzəffər Hüseynov tərəfindən qeydə alınıb və ilkin arxeoloji tədqiqatlar aparılıb. 2024-cü ilin avqustun 1-dən aparılan tədqiqatlar zamanı buradan möhtəşəm quruluşlu, böyük ölçülü çiy kərpicdən inşa edilmiş binanın divar qalıqları aşkar edilib. Bina divarının eni 1.80-1.90 sm-dir. Divarın tikintisində 37x37 sm ölçüdə, 9-10 sm qalınlıqda, tərkibinə xırda doğranmış saman qalıqları qatılmış, çiy kərpiclərdən istifadə edilmişdir. Kərpic divar qalıqları ilə yanaşı, binanın daxilində ağ rəngli, möhkəm tərkibli daşlardan ibarət lövhələr də aşkar edilib. 15-30 sm qalınlığı olan daşların kənarları səliqə ilə yonulmuşdur. Kərpic divarları və daşların yaxın analogiyasına Şəmkir rayonu Qaracəmirli kəndi ərazisində, vaxtilə İlyas Babayev tərəfindən tədqiq edilmiş Əhəməni dövrünə aid saray kompleksində rast gəlinmişdir. Qaracəmirlidə belə daşlardan sütun altlığı kimi istifadə olunmuşdur.
Abidədən aşkar edilmiş divar qalıqları, sütun altlıqları və saxsı məmulatına əsasən buranın Əhəmənilər dövrünə aid saray kompleksi olmasını söyləmək olar. Bu günə qədər belə saray qalıqları Azərbaycanda İdeal Nərimanov tərəfindən qeydə alınmış Sarıtəpə yaşayış yerində, İlyas Babayev tərəfindən qeydə alınaraq beynəlxalq arxeoloji ekspedisiya çərçivəsində tədqiqatlar aparılmış Qaracəmirli saray kompleksində rast gəlinir. Qalaboynu yaşayış yeri sayca bu tip 3-cü abidədəir. Abidənin üzərində orta əsrlərdə qısa müddətli yaşayış mövcud olmuşdur. Orta əsrlərə aid təsərrüfat quyuları, ocaq yerləri abidənin divarlarını zədələmişdir. Aşkar edilən tapıntılar böyük marağa səbəb olub.
İnstitutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, tarix elmləri doktoru, professor Hidayət Cəfərovla birgə abidəyə baxış keçirib, aparılan işlərlə bağlı təklif və tövsiyələr verərək burada tədqiqatların daha geniş müstəvidə davam etdirilməsinin vacibliyini vurğulayıblar. Şəmkir Qaracəmirli arxeoloji ekspedisiyasının alman və Azərbaycan arxeoloqlarından ibarət üzvləri abidəyə səfər edərək buranın Qaracəmirli saray kompleksi ilə çox oxşarlıq təşkil etdiyini bildiriblər. İnstitut rəhbərliyi və Naftalan şəhər rəhbərliyi belə bir abidənin müntəzəm turizm məkanı olan Naftalan şəhəri ərazisində aşkar edilməsinin əhəmiyyətindən bəhs edərək, gələcəkdə buranın böyük turizm marşrutu kimi fəaliyyət göstərə biləcəyini qeyd ediblər.
Abidədə gələcəkdə tədqiqatların davam etdirilməsi qərara alınıb.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...