22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

10-02-2024

Fevralın 10-da İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Baş katib İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

O, Prezident İlham Əliyevin İslam həmrəyliyi işinə verdiyi töhfəni xüsusi vurğulayıb, eyni zamanda, işğaldan azad edilmiş torpaqlarımızda geniş abadlıq və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı dövlətimizin başçısına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirərək, öz növbəsində Azərbaycanın bundan sonra da İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, təşkilatın inkişafı, üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi işinə töhfəsini verəcəyini qeyd edib.

Dövlətimizin başçısı Hissein Brahim Tahanı yenidən Azərbaycanda görmək istəyini ifadə edərək, onu ölkəmizə səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

Paylaş: