22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB

26-06-2024
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da İtaliya Respublikasının müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Fhnews.az xəbər verir ki, nümayəndə heyətinə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli də daxildir.

Prezident İlham Əliyev bu günün Azərbaycan-İtaliya əlaqələrinin tarixində əlamətdar olduğunu deyərək, bununla münasibətlərimizdə yeni səhifənin açıldığını, ölkələrimizin artıq hərbi-texniki sahədə də əməkdaşlığa başladığını qeyd etdi.

Dövlətimizin başçısı İtaliyanın çox inkişaf etmiş hərbi-texniki sənayeyə malik olduğunu vurğulayaraq, bu gün təqdim olunan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycana gətirilməsini əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə İtaliyanın bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərdiyini deyərək, Avropa məkanında ticarət əlaqələrimizin böyük hissəsinin İtaliyanın payına düşdüyünü və ticarət dövriyyəmizin 15 milyard dolları ötdüyünü bildirdi. Dövlətimizin başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və bir sıra layihələrdə iştirakını məmnunluqla qeyd etdi.

Neft-qaz sahəsindəki əməkdaşlığımızın təkcə ölkələrimiz üçün deyil, bütün Avropa məkanı üçün önəm daşıdığını bildirən Prezident İlham Əliyev bunun inkişafının təməlində güclü siyasi əlaqələrin dayandığını vurğuladı və “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin bu əlaqələrin əsasını təşkil etdiyini dedi.

Dövlətimizin başçısı bu il Azərbaycanda keçiriləcək COP29-a hazırlıqla bağlı da ölkələrimizin sıx təmasda olduğunu vurğuladı.

Azərbaycan Prezidenti əməkdaşlığımızın digər sahələri də əhatə etdiyini deyərək, təhsil sahəsində əlaqələrə toxundu və qeyd etdi ki, İtaliya-Azərbaycan Universiteti faktiki olaraq fəaliyyətə başlayıb, bu universitet üçün hazırda yeni müasir bina və təhsil kompleksi inşa edilir.

Dövlətimizin başçısı əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.

Qəbula görə minnətdarlığını ifadə edən İtaliyanın müdafiə naziri Quido Krosetto 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Qonaq Azərbaycan Prezidenti ilə əvvəlki görüşünü məmnunluqla xatırladı.

Ölkəmizə böyük nümayəndə heyəti ilə gəlməsinin və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin burada olmasının önəmini qeyd edən Quido Krosetto müdafiə sənayesi sahəsində əməkdaşlığımızın başlanmasından məmnunluğunu bildirdi.

Paylaş: