22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Peyk görüntüləri Antarktidada rəng dəyişikliyini göstərir

05-10-2024
IMG

Antarktika yarımadasının yüksələn temperaturun təsiri altında sürətlə yaşıl örtüklə örtüldüyü üzə çıxıb. 
Dünyanın ən soyuq bölgəsi olan Antarktida da iqlim böhranından təsirlənir. Əsasən qar, buz və qayadan ibarət olan qitə son illərdə bütün dünya kimi rekord temperaturların şahidi olur. Bu cür dəyişikliklər Antarktidanın ağ görünüşünə yaşıl rəng qatsa da, bu təsirin ölçüləri yeni bir araşdırmada ortaya çıxıb.
Alimlər NASA və ABŞ Geoloji Xidmətinin Landsat proqramının peyk görüntülərindən istifadə edərək 1986-2021-ci illər ərzində Antarktika yarımadasında bitki örtüyünün dəyişməsini təhlil ediblər. 
Cənub qütbündə yerləşən qitənin ən şimal hissəsi olan Antarktika yarımadası qlobal orta göstəricidən 5 dəfə daha sürətlə istiləşir.
“Nature Geoscience” jurnalının dünənki sayında  dərc edilən araşdırmada, əsasən yosunlardan ibarət olan bitki yaşayış mühitinin son 40 ildə 10 dəfədən çox artdığı qeyd edilib. 
Peyk məlumatları 1986-cı ildə 1 kvadrat kilometrdən az ərazini əhatə edən bitki örtüyünün 2021-ci ildə 12 kvadrat kilometrə qədər yayıldığını göstərir.
Tədqiqatçılar həmçinin qeyd ediblər ki, 2016-2021-ci illərdə regionun yaşıllaşma nisbəti 30 faiz artıb. 
Təxminən 522 min kvadrat kilometr olan Antarktika yarımadasının 12 kvadrat kilometrinin yaşıl rəngə çevrilməsi ciddi problem kimi görünməyə bilər. Lakin yeni araşdırmanın həmrəhbəri, ekoloji ekspert Tomas Roland bildirir ki, bu kiçik sahə heyrətamiz bir sürətlə genişlənir.
Alimlər iqlim böhranı ilə əlaqələndirdikləri bu rəng dəyişikliyinin getdikcə artacağını proqnozlaşdırırlar. Bitki örtüyünün daha geniş əraziləri əhatə edəcəyi, torpaq əmələ gəlməsinin artması, invaziv növlərin bölgəyə daxil olmasına və təbii həyatı təhlükə altına alacağı gözlənilir.
Araşdırmaya rəhbərlik edən alimlərdən biri Olly Bartlett deyib ki, Antarktidada çox vaxt torpaq az və ya heç yoxdur, lakin bitki həyatındakı bu artım əraziyə üzvi maddələr əlavə edərək torpağın əmələ gəlməsini asanlaşdırır. 
Bu, çox güman ki, ekoturistlərin, alimlərin və ya qitəyə gələn digər ziyarətçilərin bölgəyə yad və invaziv növlər gətirməsi riskini artırır.
Qaranlıq səthlər daha çox istiliyi tutduğundan Antarktika yarımadasında rəng dəyişikliyi həm də bölgənin günəş işığını kosmosa göndərmək qabiliyyətinin azalmasına səbəb ola bilər. Bu vəziyyət yerli təsir yaratsa da, bitki örtüyünün daha geniş ərazilərdə yayılmasına kömək edə bilər. 
Alimlər növbəti dəfə Antarktidada buzlaqların əriməsinə məruz qalan ərazilərdə bitkilərin necə yayıldığını araşdırmağı planlaşdırır.

Paylaş: