22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Peşə təhsili mərkəzində birgə maarifləndirmə tədbiri keçirilib

14-10-2024
IMG

Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd mərkəzin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.

Tədbirdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Dövlət Yanğın Nəzarəti Xidməti, Elm və Təhsil Nazirliyinin nümayəndələri, qazilər və mərkəzin kollektivi iştirak edib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edənlər tədbirin əhəmiyyətini vurğulayıb, hər bir vətəndaşın mümkün fövqəladə hal barədə zəruri davranış qaydaları barədə məlumatlı olmasının faydasını qeyd ediblər.

Daha sonra FHN-in əməkdaşları tərəfindən mərkəzin kollektivinə müxtəlif təbii və texnogen xarakterli fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı düzgün davranış qaydaları barədə ətraflı məlumat verilib, videoçarxlar nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil edilir.

Paylaş: