22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Pediatr: Uşaqlarda yüksək təzyiqin bir dəfə qeydə alınması heç də arterial hipertenziyadan xəbər vermir

25-10-2024
IMG

Uşaqlarda yüksək arterial təzyiq özünü başağrısı, ürəkbulanma, qusma, başgicəllənmə, qulaqlarda küy, tez yorulma, qıcığa meyillilik, burundan qan açılması kimi əlamətlərlə özünü göstərir. Bəzən isə simptomsuz keçir və təsadüfən təzyiqi yoxladıqda aşkarlanır. Amma bu o demək deyil ki, tanometrdə bir dəfə yüksək rəqəm gördüksə, bu, hipertenziyadır.

Fhnews.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aynur Adıgözəlova deyib.

A.Adıgözəlovanın sözlərinə görə, arterial təzyiqin ölçülmə qaydası və şərtləri var: “Şərtlər düzgün icra olunmazsa, göstərici düzgün olmaya bilər. Bu da valideynləri əsassız yerə həyəcanlandıra bilər. İstənilən halda əgər valideyn nədənsə narahatlıq duyursa, mütləq pediatra müraciət etməli və ixtisaslaşmış personal tərəfindən təzyiq təkrar ölçülməlidir. Arterial təzyiq uşağın sakit, oturaq vəziyyətində, arasında 3-5 dəqiqə interval olmaqla 3 dəfə ölçülməlidir. Eyni zamanda, ürək döyüntülərinin sayı və ritmi qiymətləndirilməlidir. Yüksək arterial təzyiqin bir dəfə qeydə alınması heç də arterial hipertenziyadan xəbər vermir. Bunun üçün 1-2 həftə sınaq müddəti qoyulur və bu müddət ərzində təzyiqin göstəricilərini nəzarətdə saxlamaq lazımdır”.

Paylaş: