22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Pediatr: Qayğı və sevgi ilə dolu mehriban bir ailədə böyümək uşaq üçün olduqca əhəmiyyətlidir

23-07-2024
IMG

Uşağın həyatının ilk illəri onun sağlamlığı və inkişafı üçün çox vacibdir. Qayğı və sevgi ilə dolu mehriban bir ailədə böyümək uşaq üçün olduqca əhəmiyyətlidir. Düzgün qidalanma, idman və normal yuxu rejimi də sağlam inkişaf üçün mühümdür.

Fhnews.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnaz Ağayeva deyib.

“Sözsüz ki, uşaqların normal böyüməsi və inkişafı çox çətin bir prosesdir. Bu, genetik proqramlaşdırılır və ətraf mühitin təsiri altında reallaşır. İlk növbədə, bağlılıq haqqında söhbət açmaq istərdim. Uşaqlarda əlaqə qurmaq qabiliyyətinin inkişaf etməsi üçün illər tələb olunur. Lakin uşaq doğulanda özünə çox böyük psixoloji diqqət tələb edir. Həyatın birinci ilində uşaq mərhələlərlə bağlanmağa çalışır. İstəyir ki, ona toxunsunlar, görsünlər, eşitsinlər. Hətta artıq bətndaxili dövrdən inkişaf edən qoxubilmə qabiliyyəti ilə körpə öz anasını digər insanlardan seçə bilir. Bir yaşına qədər uşağın hərəkət inkişafı da bir neçə pillədən ibarətdir. Həyatının ikinci ayında başını tutur, 6-cı ayında oturur, 8-ci ayında iməkləyir, 10-11-ci ayında ətrafdakıların köməyilə ilk addımlarını ata bilir. Bir-iki yaşlı uşaqlarda nitq inkişafı çox önəmlidir və gələcəkdə onların oxumaq və qavramaq qabiliyyətinə böyük təsir göstərir. Bir sözlə, uşaq nə qədər tez və səlis danışsa, o qədər asanlıqla həyatının gələcək mərhələlərində hər bir informasiyanı rahat mənimsəyə bilər. Üç yaşında nitq qabiliyyəti inkişaf edir və uşaqlar geniş sosial kommunikasiya qurmağa hazır olurlar, o cümlədən məktəbəqədər müəssisələrində. Təxminən 4-5 yaşlarında uşaqlarda məntiq, yaddaş, diqqət, dil öyrənmək qabiliyyəti sürətlə inkişaf edir. Lakin yazı qabiliyyəti baş-beyin tərəfindən bir qədər gec - təxminən 6-7 yaşında tənzimlənir. Altı yaşlı uşaqlarda bağlılıq səviyyəsinin tanınma forması özünü büruzə verir”, - deyə G.Ağayeva qeyd edib.

Paylaş: