22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Özbəkistan hava limanlarında sərnişin axını 36 faiz artıb

11-07-2024
IMG

2024-cü ilin birinci yarısında Özbəkistanın hava limanları 53 min 200 reys qəbul edib və yola salıb. Onlardan 16 min 300-ü daxili istiqamətlər, 36 min 900-ü isə beynəlxalq istiqamətlər üzrə həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə artım 37 faiz təşkil edib.

Fhnews.az xəbər verir ki, bu barədə Özbəkistan mediası “Uzbekistan Airports” şirkətinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Bu ilin yanvar-iyun aylarında ölkənin hava limanları 6 milyon 369 mində çox sərnişinə, o cümlədən daxili uçuşlar üzrə 1 milyon 263 mindən çox sərnişinə və 5 milyon 106 beynəlxalq sərnişinə xidmət göstərib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə artım 36 faiz təşkil edib.

“Uzbekistan Airports”un məlumatına görə, yarım il ərzində təxminən 40,7 ton yük daşınıb ki, bu da ötən ilin göstəricilərindən 18 faiz yüksəkdir.

Hazırda Özbəkistan hava limanları 84 marşrut üzrə sərnişin uçuşlarına xidmət göstərir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxdur. Məlumata əsasən, bu göstərici yeni aviadaşıyıcıların cəlb edilməsi və bir anda bir neçə yeni istiqamətin işə salınması nəticəsində artıb.

Bu aviadaşıyıcılara martın 14-dən Varşava - Daşkənd - Varşava marşrutu üzrə reyslər açan “LOT Polish” aviaşirkəti, iyunun 2-dən Doha və Daşkəndlə birbaşa aviareysləri əlaqələndirən Qətər Hava Yolları (“Qatar Airways”) və iyunun 3-dən Ankara - Daşkənd - Ankara istiqamətində reysləri işə salan “Türk AJet” daxildir. Bu ilin may ayında İspaniyanın “World2Fly” şirkəti Madriddən Daşkəndə və Urgençə turizm çarterləri açıb.

“Uzbekistan Airports” hazırda 45 aviaşirkətlə əməkdaşlıq edir.

Paylaş: