22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ötən ay “103” Çağrı mərkəzinə Bakı şəhəri üzrə 65 minədək müraciət olub

23-08-2024
IMG

İyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin “103” Çağrı xidmətinə Bakı şəhəri üzrə 64 min 814 çağırış daxil olub.

TƏBİB-dən verilən məlumata görə, həmin çağırışlara əsasən 57 min 776 nəfərə yerində ilk yardım təmin olunub, 6956 nəfər isə müxtəlif profilli tibb müəssisələrinə hospitalizasiya olunub.

Gündəlik olaraq müraciət sayı təxminən 2238 – 2241 arasında olub.

Daxil olan çağırışlardan 4295-i əsassız, yəni təcili tibbi yardıma aid olmayan müraciətlər olub.

Eyni zamanda, 6187 nəfərin çağırışı nəticəsiz (haqqında çağırış verilən şəxs yerində tapılmayıb, tibbi yardımdan imtina olunub və s.) olaraq qeydə alınıb.

Çağırışlar daha çox arterial təzyiq, ürək-damar sistemi xəstəlikləri, səhhətdə yaranan ani pisləşmələr, müxtəlif növ travmalar və s. ilə bağlı olub.

Əsassız çağırışların sayının üstünlük təşkil etməsini nəzərə alaraq, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin hansı hallarda çağırışları icra etmədiyini bir daha xatırladırıq:

1. Sahə həkimi/ailə həkimi tərəfindən planlı müalicə prosedurlarının aparılması (inyeksiya, venadaxili infuziya (“sistemin köçürülməsi”), sarğı) və ya xəstəlik vərəqəsinin verilməsi;

2. Təcili tibbi yardım tərəfindən planlı müalicə təyinatının alınması və ya planlı müayinənin (EKQ çəkilməsi) aparılması;

3. Pasiyentin öz istəyi ilə müalicə aldığı tibb müəssisəsindən digərinə ambulans ilə daşınması, köçürülməsi, təyin etdiyi tibb müəssisəsinə təxliyə olunması;

4. Tibb müəssisəsində tibbi xidmət göstərildikdən sonra pasiyentin evə və digər ünvanlara daşınması;

5. Vəfat etmiş şəxsin daşınması;

6. Stomatoloji yardımın göstərilməsi;

7. Müayinə məqsədilə gündəlik olaraq şəkərin, arterial təzyiqin və saturasiyanın ölçülməsi və s.

Vurğulamaq istəyirik ki, təcili tibbi yardım fəaliyyətinin bilərəkdən əsassız olaraq məşğul edilməsi inzibati məsuliyyət yaradır.

İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə (bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə) müvafiq olaraq həmin şəxslər barədə cərimə tətbiqi də nəzərdə tutulur.

Paylaş: