22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ölkəmizin qida təhlükəsizliyi sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatların internet resurslarında

09-02-2024

Qida, qida istehsalı, etiketlənməsi və təhlükəsizliyi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən nəşr olunan beynəlxalq səviyyədə tanınmış standartların, təlimatların və digər tövsiyələrin əks olunduğu müxtəlif ölkələrdə qurulmasına kömək edən Kodeks Etimad Fondu (Codex Trust Fund - CTF) tərəfindən Azərbaycanla bağlı videoçarx hazırlanıb.

Fhnews.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi sahəsindəki vəziyyətə həsr olunan videoçarx “Yeni videolar Kodeks Etimad Fondunun təsirlərini nümayiş etdirir” sərlövhəli məqalə ilə birlikdə Kodeks Alimentariusun veb saytında yayımlanıb. Beynəlxalq təşkilatların mütəxəssisləri tərəfindən hazırlanmış videoçarx, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yutub səhifəsində yerləşdirilib.

Bildirilib ki, Azərbaycanda qida məhsulları təhlükəsizdir. İnsanlar inamla qida istehsal edir, alır və yeyir. Yüksək texnologiya və standartların tətbiqi nəticəsində ölkə inkişaf etmiş qida zəncirinə malik olub. Belə nəticə dövlətin qida təhlükəsizliyinin təkmilləşdirilməsi və xaricə ixrac etməkdən ötrü yüksək keyfiyyətli məhsulların təşviqi üçün göstərdiyi səylərin sayəsində əldə olunub.

Eyni zamanda qeyd edilib ki, 2018-ci ildə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə qidaya nəzarət sistemi gücləndirilib. Hazırda ölkədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar getdikcə Codex Alimentarius beynəlxalq standartlarına uyğunlaşdırılır. 2023-cü il yanvarın 1-dən “Qida təhlükəsizliyi haqqında” Qanun qüvvəyə minib. Həmin Qanunda əksini tapmış əsas məsələlərdən biri də qida gigiyenası ilə əlaqəli olan Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) ilə bağlıdır. Eləcə də beynəlxalq standartların tətbiqi ilə ölkənin ixrac potensialı getdikcə artır.

“Azərbaycanda Qida Təhlükəsizliyi sistemi tam vahid şəkildə formalaşıb. Bu da ixrac potensialının artması, istehlakçı hüquqlarının müdafiəsi, heyvan və bitki sağlamlığı, habelə qida və yem məhsullarının təhlükəsizliyi üçün əsas təminatdır”, – deyə ölkəmizlə bağlı yer alan videoçarx və müvafiq məqalədə vurğulanır.

Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyinin CTF-lə əməkdaşlığı çərçivəsində 2023-cü ilin sentyabrında Bakıda “Qida standartları həyatları xilas edir” mövzusunda agentliyin 5 illiyinə və Kodeks Alimentarius Komissiyasının 60 illiyinə həsr olunmuş tədbir keçirilib. Həmin əməkdaşlıqla əlaqədar digər layihələr də həyata keçirilib, təcrübə mübadilələri aparılıb və nailiyyətlər əldə olunub.

Kodeks Alimentariusun veb saytında yayımlanan müvafiq məqalə və videoçarxın, həmçinin ÜST-nin yutub səhifəsində yerləşdirilən videoçarxla linki vasitəsilə tanış olmaq mümkündür.

Paylaş: